Coğrafiya İnstitutunun yeni nəşri olan “Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial- iqtisadi inkişaf potensialı” adlı kitab çapdan çıxıb.
Nəşrin baş redaktoru institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov və Zaur İmranidir.
İnstitut kollektivinin birgə əməyinin nəticəsi olan monoqrafiya 10 fəsildən ibarət olaraq Azərbaycanın tarixi-coğrafi hissəsi olan Qarabağ və Şərqi Zəngəzur ərazisinin coğrafi mövqeyinin təbii şəraitə və sosial-iqtisadi inkişafa təsirini, müasir fiziki və iqtisadi-coğrafi problemlərini, eləcə də öyrənilməsi tarixi və toponimikasını ətraflı işıqlandıran fundamental və tətbiqi xarakter daşıyan elmi əsərdir.
Ərazisində demoqrafik inkişafın əsas meylləri və regional xüsusiyyətlərinin geniş təhlili, əhalinin sayının və təbii artımın dinamikasının faktiki rəqəmlərə əsaslandırılması, təsərrüfatın müasir vəziyyəti və perspektiv inkişaf istiqamətlərinin araşdırılması əsərin elmi əhəmiyyətini daha da artırır.