Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, - coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri, dosent Zaur İmrani, aparıcı elmi işçi, dosent Elina Kərimova və böyük elmi işçi, Natəvan Cəfərova Almaniyanın Gissen şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Gissen şəhərinin Yustus Libiq adına Universitetinin Coğrafiya departamenti tərəfindən təşkil olunmuş konfrans “Cənubi Qafqazda geoparkların tədqiqinə dair hərtərəfli elmi əməkdaşlıq - periferik regionların inkişafında sosial-ekoloji potensialın təhlili” ("Multilateral Scientific Cooperation on Geopark Research in the Southern Caucasus - Analysis of socio-ecological Potentials for Development in peripheral Regions") mövzusuna həsr edilib. Tədbirdə Gürcüstanın coğrafiyaçı alimləri və geoloqları da iştirak ediblər.
Regionda geoparkların təşkili prinsipləri, qarşıya qoyulan vəzifələr və yaranan problemlər, eləcə də əməkdaşlıq və mütəxəssislərin cəlb edilməsi məsələləri iclasda müzakirə olunub.
Gissen Universitetinin Coğrafiya departamenti Almaniyada geoparkların yaradılması təcrübəsi ilə tanışlıq çərçivəsində Westerwald-Lahn-Taunus Milli Geoparkına ekskursiya təşkil edib.
Geopark buradakı mineral ehtiyatların müxtəlifliyi ilə xarakterizə olunur. Tarixdən əvvəlki dövrlərdən son dövrlərə qədər burada xammal çıxarılır və emal edilirdi. Ərazidə həm təbii landşaftları, həm də dağ-mədən sənayesinin inkişafı nəticəsində yaranmış texnogen formaları aydın görünür.