Elm və təhsilin vəhdəti çərçivəsində tədbir keçirilib Dek 27, 2022 | 12:12 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçi direktoru vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi Emil Cəbrayılov Ağdaş və Yevlax rayonlarının 2 saylı tam orta məktəblərində keçirilən təlimlərdə iştirak ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqəsinin qalibi olan "Coğrafiya fənninin tədrisində 3D qabartma xəritələrin və rəqəmsal resursların əhəmiyyəti" layihəsi çərçivəsində təşkil edilən tədbirdə Z. İmrani ekspert, E. Cəbrayılov isə təlimçi qismində çıxış ediblər. Rəhbəri c.ü.f.d. Aqil İsayev olan layihənin  digər təlimçisi  Yaşar Nəsibovdur.

Layihənin əsas məqsədi Ağdaş və Yevlax rayonu məktəblərinin 3D qabartma xəritələr və yeni rəqəmsal resurslarla təmin edilməsi, eyni zamanda, virtual məktəb platformasında coğrafi informasiya sistemlərinin üstünlükləri haqqında maarifləndirici görüşlərin təşkili, bu istiqamətdə coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması olub.  Layihənin icrası məqsədilə Yevlax rayonunun 50, Ağdaş rayonunun isə 59 ümumi və tam orta ümumtəhsil məktəblərinin coğrafiya müəllimlərinə hibrid formatda təlimlər keçirilib.

Görüşlər zamanı əvvəlcədən hazırlanmış 3D qabartma xəritələri və digər rəqəmsal resurslar məktəblərə paylanılıb, müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə nəzəri və praktik məşğələlər həyata keçirilib.