Coğrafiyaşünas alim Xəzər dənizi səviyyəsinin dəyişməsi ilə bağlı proqnozlara aydınlıq gətirib Yan 05, 2023 | 01:01 / MÜHÜM HADİSƏLƏR

Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Xəzər dənizində suyun səviyyəsinin enməsi və səbəbləri ilə bağlı akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov məlumat verib.

Xəzər dənizinin səviyyəsi daim tərəddüdlərə məruz qalıb

Avropa ilə Asiya qitələri arasında yerləşən Xəzər dünya okeanı ilə birbaşa əlaqəsi olmasa da, böyük ölçülərinə və dib qabığının quruluşunun okean tipinə görə dəniz adlandırılan göldür. Dünyadakı göl sularının 40 faizdən böyük hissəsi Xəzərdə cəmləşib.

Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzərin səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrdə olub ki, həmin zaman onun səviyyəsi okean səviyyəsindən 35 metr aşağı imiş. Ən yuxarı səviyyə (okean səviyyəsindən 22 metr aşağı) isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzilliklərdə də Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri olub və əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 metr diapazonunda dəyişib.

XX əsrdə dənizin səviyyə dəyişmələri iki dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna (-29 metr) çatıb. Lakin 1977-ci ildən səviyyə kəskin şəkildə qalxmağa başlayıb və 1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, səviyyə hər halda nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir. Hazırda dənizin səviyyəsi -28 metrə yaxındır, yəni dünya okeanı səviyyəsindən 28 metr aşağıdır.

Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzun müddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil və əksər hallarda onlar inversion xarakter daşıyır. Məsələn, 1930-1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düşməsinin gələcəkdə də davam edəcəyini proqnozlaşdırırdılar. Lakin məlum olduğu kimi, bu proqnozlar özünü doğrultmadı, belə ki, 1977-ci ildən sonra dənizin səviyyəsi kəskin artmağa başladı. Həmin dövrdə alimlərin tam əksəriyyəti dəniz səviyyəsinin yüksəlməkdə davam edəcəyini proqnozlaşdırsalar da, 1995-ci ildən sonra səviyyə yenidən aşağı düşməyə başladı və indəyədək davam edir.

Alman və holland alimlərinin bədbin proqnozları

Hazırda alimlər tərəfindən əsrin sonunadək Xəzərin səviyyəsinin fəlakətli dərəcədə aşağı düşəcəyi haqda bədbin proqnozlar verilir. Bu baxımdan alman və holland alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz daha qorxuludur. Belə ki, onlar müxtəlif ssenarilərə əsasən, XXI əsrin sonunadək Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar. Bundan əvvəlki ənənəvi proqnozlardan fərqli olaraq, burada məqalə müəllifləri problemə gözlənilən qlobal istiləşmə ssenariləri kontekstindən yanaşıblar. Birinci ssenariyə əsasən, dünya dövlətlərinin atmosferə parnik qazlarının atılmasının məhdudlaşdırılması haqda Paris Razılaşmasına riayət etdikləri halda Xəzərin səviyyəsinin əsrin sonunadək 9 metr, ikinci ssenariyə əsasən (razılaşmaya əməl edilmədiyi halda), 18 metr aşağı düşəcəyini proqnozlaşdırıblar. Səviyyənin aşağı düşməsində əsas səbəb kimi əsrin sonunadək havanın temperaturunun kəskin yüksəlməsi nəticəsində dəniz səthindən buxarlanan suyun miqdarının artması göstərilir. Xəzər dənizinin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Su balansının mədaxil hissəsini dənizə tökülən çayların gətirdiyi suyun həcmi və onun səthinə düşən yağıntıların miqdarı, məxaric hissəsini isə səthdən buxarlanan suyun miqdarı təşkil edir. Balansın məxaric hissəsi (buxarlanma) mədaxil hissəsindən (atmosfer yağıntıları və çayların gətirdiyi su) böyük olduqda səviyyə aşağı düşür, əksinə olduqda isə yüksəlir.

Qeyd etmək lazımdır ki, alman və holland alimlərinin Xəzər dənizi haqqında verdiyi proqnoz hətta “yumşaq” ssenari üzrə özünü doğruldarsa (səviyyənin 9 metr aşağı düşməsi), Xəzər regionunun ekoloji, iqtisadi, hətta siyasi stabilliyində böyük problemlər yaşana bilər.

Suyun səviyyəsinin enməsi ciddi problemlər yarada bilər

Səviyyənin kəskin aşağı düşməsi Şimali Xəzərin demək olar ki, tamamilə qurumasına, sahil landşaftının deqradasiyasına və ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsi ilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr arasında ərazi problemlərinin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, dəniz naviqasiyasında, neft-qaz hasılatı və daşınmalarında ciddi problemlər yarana bilər. Sahil infrastrukturunda və rekreasiya fəaliyyətində nəzərəçarpacaq çətinliklərin meydana çıxması və əlavə xərclərə ehtiyacın yaranması mümkündür. Hazırda çox da qənaətbəxş olmayan dəniz ekosistemində baş verə biləcək ciddi neqativ dəyişikliklər biomüxtəlifliyin nəzərəçarpacaq dərəcədə azalması, o cümlədən qiymətli balıq növlərinin və digər nadir dəniz canlılarının kökünün tamamilə kəsilməsi və ya populyasiyaların minimuma enməsi ilə nəticələnə bilər. Dayaz ərazilərin, o cümlədən Qızılağac körfəzinin və ərazidəki bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər.

Digər uzunmüddətli proqnozlar kimi alman və holland alimlərinin də Xəzər dənizində gözlənilən səviyyə dəyişmələri haqda verdikləri proqnozun nə dərəcədə özünü doğruldacağı sual altındadır, çünki burada dəniz səviyyəsinə təsir edən əsas amil kimi yalnız qlobal istiləşmə götürülür, halbuki əsasən sinoptik amillərlə əlaqədar olan səviyyənin təbii uzunmüddətli dəyişmə periodikliyi mütləq nəzərə alınmalıdır. Hazırda Coğrafiya İnstitutunda İsveçrənin Cenevrə universiteti ilə birlikdə bu istiqamətdə geniş tədqiqat işləri aparılır və ilkin nəticələrə görə, ən azı 2040-cı ilə qədər Xəzər dənizinin səviyyəsindəki azalma davam edəcəkdir.

Proqnozların özünü doğruldub-doğrultmayacağından asılı olmayaraq, dəniz ekosisteminin və biomüxtəlifliyinin qorunub saxlanılması və Xəzər regionunun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Xəzəryanı ölkələrin üzərinə böyük məsuliyyət düşür.

AzərTac