Coğrafiyaçı alimlərin Suraxanı məktəbliləri ilə görüşü keçirilib Yan 15, 2023 | 05:01 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Bakının Yeni Suraxanı qəsəbəsinin 101 saylı tam orta məktəbində yeni yaradılan “Kiçik Akademiya”nın hesabat iclasında iştirak ediblər.

AR Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil İdarəsinin nümayəndəsi  və 89 saylı orta məktəbin direktoru Dadaş Babazadə də  tədbirdə iştirak edib.

Müəssisə  rəhbəri Z.Eminov  tədbir iştirakçılarını İnstitutun fəaliyyəti ilə taniş edib,  onun  tədqiqat sahələri, tanınmış alimləri, əhəmiyyətli nəşrləri,  coğrafi problemlər və s. haqqında söhbət açıb. O bildirib ki, illərdir ki,  İnstitutda və ya məktəblərdə şagird  və müəllim kollektivləri ilə mütəmadi keçirilən görüşlər  ənənə halını alıb və belə görüşlər yeniyetmələrdə elmə marağı artırır, onların gələcəkdə peşə seçimində  əhəmiyyətli rol oynayır.

Sonra “Kiçik Akademiya”nın  istedadlı şagirdləri “Bacarıq ağlın nişanəsidir” adlı proqramla çıxış ediblər. Şagirdlər “Ekoloji təmiz cərəyan”, “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, “Sintetik yuyucu vasitələrin ekologiyaya və insan orqanizminə təsiri”  mövzuları ilə təqdimatlar ediblər. Rəqs proqramı ilə çıxış edən uşaqlar bacarıqlarını nümayiş etdiriblər.

Sonda “Kiçik Akademiya”nın  tədbirdə fəal iştirak edən şagirdlərinə AR Elm və Təhsil Nazirliyinin təşəkkürnaməsini  təqdim edən məktəbin direktoru   Sitarə Abbasova tədbirdə iştirak etdiyinə görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib.