C.ü.f.d. Aydın Səfərovun 85 yaşı tamam olub Yan 31, 2023 | 12:01 / YUBİLEYLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin  aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Aydın Səfərovun 85 yaşı tamam olub.

İnstitut rəhbərliyi bu münasibətlə yubilyara təbrik məktubu ünvanlayıb:

 

ƏZİZ AYDIN MÜƏLLİM!!!

AR Elm və Təhsil Nazirliyi akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmanızın 85 və elmi yaradıcılığınızın 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir və Sizə bundan sonrakı ömür yolunuzda  daha uğurlu fəaliyyət  arzu edir.

Əziz Aydın müəllim! Siz artıq 60 ilə yaxındır Azərbaycan Milli Elmlər Akademiyasında Coğrafiya elminin elmi-nəzəri biliklərinin tədqiqi ilə məşğul olursunuz. Bu çoxillik elmi yaradıcılıq mərhələsində coğrafiya elminin xüsusilə geomorfologiya sahəsində yadda qalan yeni ideyalar və fikirləriniz olmuşdur. Xüsusilə 1988-ci ildə «Cənub-Şərqi Şirvanın və ona bitişik  ərazilərin paleogeomorfologiyası və morfostruktur təhlili» mövzusunda namizədlik dissertasiyasındakı elmi fikirləriniz müasir geomorfologiya elmi tarixində yadda qalacaqdır. Həmin ərəfələrdə tərtib etdiyiniz irimiqyaslı xəritələr Azərbaycanda əsasən düzənlik ərazilərdə yeni suvarma kanalları və kollektorların layihələşdirilməsində  mühüm rol oynamışdır.

Sizin uzun illər Kür çökəkliyində, Şamaxı-Qobustan fiziki-coğrafi rayonunda, Abşeron yarımadasında relyefin gələcək inkişafının proqnozlaşdırılmasında, neft-qaz yataqlarının formalaşmasında və şırın su yataqları haqqındakı gərəkli fikirləriniz elmi yaradıcılıq səlnamənizi daha da zənginləşdirmişdir.

Həmçinin «Azərbaycanın relyefi» (rus dilində), “Azərbaycanın konstruktiv coğrafiyası” kitablarındakı  məqalələriniz diqqətəlayiqdir. Əlbəttə, sizin çoxillik elmi fəaliyyətinizin nəticələrini kiçik bir ömür ünvanında cəmləşdirmək olduqca çətindir. Lakin biz yaxşı bilirik ki, sizin müasir geomorfologiya, paleocoğrafiya, tətbiqi coğrafiya və müasir ekocoğrafiya üzrə elmi maraq dairəniz çoxşaxəlidir.

Əziz Aydın müəllim!

Bir daha Sizi bu şərəfli və fərəhli tarix  münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.

 

Hörmətlə,

AR Elm və Təhsil Nazirliyi

akad.H.Əliyev adına Coğrafiya

İnstitutunun baş direktoru, c.e.d.                                    Z.Eminov

 

İnstitut Hİ-nın sədri c.ü.f.d.                                            H.Haqverdiyev