Xəbər verdiyimiz kimi, bu il, noyabrın 16-da “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin ofisində Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədovun iştirakı ilə
"Coğrafi İnformasiya Sistemləri ilə layihələrin hazırlanması" mövzusunda görüş-seminar keçirilmişdir.
GEAD İB-nin verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı qonağı salamlayaraq bu növ seminarların keçirilməsinin əhəmiyyətli olduğunu vurğulamış, İctimai Birliyin fəaliyyəti və həyata keçirdiyi işlər haqqında geniş məlumat vermiş, həmçinin qalib olduğu layihələr haqqında söz açmışdır.
GEAD İB-nin bildirdiyinə görə, professor R.Məmmədov gənc tədqiqatçılara beynəlxalq və yerli layihələrdə Coğrafi İnformasiya Sistemlərindən (CİS) istifadə haqqında ətraflı məlumat vermiş, müasir zamanda informasiyanın əldə olunması və emalından, istifadəçiyə çatdırılmasının müxtəlif üsul və metodlarından, bu vasitələrin çox olmasına baxmayaraq, onlar arasında CİS-in özünü təsdiq etməsi və liderlik mövqeyini saxlamasının artıq inkarolunmaz bir fakt olduğundan danışaraq qeyd etmişdir ki, CİS-ə yer səthinə aid informasiyaların toplanması, inteqrasiyası və təhlili üçün xüsusi proqramlarla təchiz olunmuş kompyuter sistemi kimi tərif verilməsinə baxmayaraq nəzərə almaq lazımdır ki, istənilən tərif dəqiq deyil, onun daim təzələnmə ehtimalı var və gənc tədqiqatçıların bu sahədə araşdırılmalar aparmalıdırlar.
Professor gənclərlə CİS barədə fikir mübadiləsi aparmış, suallarını cavablandırmış, yeni-yeni layihələrdə aktiv iştirakını arzu etmiş, onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini vermişdir.