AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Daşkənd şəhərində Mirzo Uluqbek adına Özbəkistan Dövlət Universitetində “Təbii sərvətlərin davamli idarə edilməsi və ətraf mühit elmləri” beynəlxalq illik konfransında professor Hikmət Həsənovla birlikdə hazırladıqları məruzə ilə çıxış edib.
Dubay Science Park tərəfindən maliyyələşdirilən tədbirdə İ.Zeynalov "Development of a radioactive precipitation monitoring system based on wireless power transfer" (Simsiz enerji ötürülməsinə əsaslanan radioaktiv yağıntıların monitorinq sisteminin inkişafı) mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, ərazidə radioaktiv tullantıların (RT) monitorinqinin məqsədi müvafiq radiasiya vəziyyətini müşahidə etmək və ona nəzarət etməkdir ki, bu da onun qiymətləndirilməsi və proqnozlaşdırılması üçün əsas məlumatların alınmasına xidmət edir. Radioaktiv yağıntıların monitorinqi sistemi (RYMS) yaşayış məntəqəsinin ərazisində aparılan birbaşa və müntəzəm müşahidələrə və tədqiq olunan ətraf mühit komponentlərinin nümunələrinin radiasiya xüsusiyyətlərinin çöl ölçmələrinə əsaslanır. RYMS məlumatlarının istifadəsi yaşayış məntəqəsində və ya bəzi seçilmiş ərazilərdə radiasiya zamanı dəyişikliklərin qanunauyğunluqlarını müəyyən etməyə imkan verir. Bu da öz növbəsində əhalinin doza yükləri haqqında nəticə çıxarmağa, ərazinin radioloji vəziyyətinin (təbiət və heyvanların məruz qalma dərəcəsi, qida təhlükəsizliyinin əsasını təşkil edən) və müvafiq radiasiya pasportlarının hazırlanmasına imkan yaradır.
Bu tədbirlər əsasında konkret radiasiya vəziyyətləri üzrə qərarlar qəbul edilir.