AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında Böyük Britaniyanın Edinburq Napier Universitetinin amerikalı doktorantı Kayl Şvarts “Natamam sığınacaq: Nepaldakı tibetli qaçqınların düşərgəsində sosial həssaslıq və gündəlik fəlakət” mövzusunda təqdimatla çıxış edib.
K.Şvarts Nepal dövləti ərazisində müvəqqəti məskunlaşmış tibetlilərin nümunəsində qaçqınların qarşılaşdıqları çətinlikləri, bununla əlaqədar regionda mövcud olan gərginlikləri geosiyasi və iqtisadi aspektlərdən təhlil edib. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, təbii fəlakətlərlə bağlı sosial və humanitar yardım problemlərini öyrənən amerikali doktorant ötən üç ay ərzində Erasmus+ KA107 proqramı çərçivəsində Azərbaycanda olub, Xəzər Universitetinin “Coğrafiya və ətraf mühit” departamentində tədqiqat aparıb, həmçinin Coğrafiya İnstitutunun kollektivi ilə birlikdə çöl işlərinə qatılaraq təcrübə toplayıb.