AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyası ilk ərazi bölməsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Yaddaşlarda qalan insan ömrü” adlı tədbir keçirilib.
Tədbirdə İnstitut əməkdaşları ilə birgə müvafiq dövlət təşkilatlarının, ali təhsil ocaqlarının və s. nümayəndələri, jurnalistlər iştirak ediblər.
İlk əvvəl Azərbaycanın himni səsləndirilib və İnstitutun hazırladığı Heydər Əliyevin həyatına həsr olunmuş videofilm nümayiş etdirilib.
Coğrafiya İnstitutunun baş direktoru və YAP ilk ərazi təşkilatının sədri, c.e.d. Zakir Eminov qonaqları salamlayaraq gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış edib. Sonra o, ulu öndər Heydər Əliyevin ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafındakı misilsiz xidmətlərindən, bu böyük insanın bütün həyatını Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın rifahına, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etməsindən söhbət açıb. H.Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatındakı misilsiz rolunu diqqətə çatdırıb.
İnstitutun həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə edib.
Sonra İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin elmi işçisi, Kamran Ramazanlının “Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” adlı yeni kitabının təqdimatı olub.
AR Diaspora ilə iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Füzuli Qurbanov, XİN-in şöbə müdiri, t.e.d. Fəxri Hacıyev, Coğrafiya İnstitutunun şöbə müdiri, professor Rza Mahmudov, BDU-nun kafedra müdiri, c.ü.f.d. Saleh Nağıyev mövzu ilə əlaqədar çıxış ediblər. Məruzəçilər ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi uzaqgörən siyasət yeritdiyini, onun enerji siyasətində Gürcüstanın rolunu yüksək qiymətləndirdiyini və bu baxımdan regional və qlobal miqyasda onun enerji siyasətinin, eləcə də enerji strategiyasının Gürcüstana, bu ölkənin vətəndaşlarına, xüsusən də orada yaşayan soydaşlarımıza faydası haqqında araşdırma aparılmasının zəruri olduğunu diqqətə çatdırıblar. Kitabın əhəmiyyətini yüksək qiymətləndirən çıxışçılar müəllifə gələcək fəaliyyətində uğurlar diləyiblər.
Kitab müəllifi Kamran Ramazanlı çıxış edərək mövzuya münasibət bildirən həmkarlarına və təqdimatın yüksək səviyyədə təşkilinə görə Coğrafiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra İnstitutun YAP ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva YAP sıralarına yeni qoşulan İnstitut əməkdaşlarının siyahısını səsləndirib. Yeni YAP-çılar Zakir Eminov və Habil Haqverdiyevin təqdimatı ilə üzvlük biletlərini qəbul ediblər.