AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında qrant layihəsinin iştirakçısı, İtaliyalı qonaq Lorenza Fiumi “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və GİS əsasında tədqiqi” adlı məruzə ilə çıxış edib.
L.Fiumi bildirib ki, İtaliyanın Milli Tədqiqat Mərkəzi (MTM) və Coğrafiya İnstitutunun Roma və Bakı şəhərlərində yer örtüyünün məsafədən zondlama və coğrafi informasiya sistemləri üzrə birgə layihəsi 2 mərhələdən ibarət olmaqla 2020-2023-cü illəri əhatə edir.
Məruzəçi Bakı və Roma şəhərlərində torpaqdan istifadənin müvəqqəti və məkan dəyişiklikləri ilə bağlı nəticələrini şərh edib. O qeyd edib ki, layihənin əsas məqsədi məsafədən zondlama metodikasından istifadə etməklə Bakı və Romanın şəhər landşaftlarını öyrənməyə və inkişaf etdirməyə yönəlmişdir. Bu tədqiqatın ilkin nəticələrinin Roma şəhərinə tətbiq edilməsi MTM ilə Coğrafiya İnstitutu arasında əməkdaşlığın əsasını təşkil edir. Landsat 8 peyk məlumatlarının istifadəsi və eyni təsnifat metodologiyaları ilə Roma və Bakı şəhərlərinin su keçirməyən və keçirən səthlərinin xəritəsi də hazırlanıb.
İtaliyalı mütəxəssis Bakı və Roma şəhərləri üzrə hər bir qrupun öz tədqiqat sahəsində əldə etdiyi nəticələri müqayisə etməklə layihənin məqsədlərinə nail olunacağına əminlik ifadə edib.