İtaliyali alim elmi seminarda qrant layihəsi üzrə məruzə edib May 16, 2023 | 05:05 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında  qrant layihəsinin iştirakçısı, İtaliyalı qonaq Lorenza Fiumi “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və GİS əsasında tədqiqi” adlı məruzə ilə çıxış edib.

L.Fiumi bildirib ki, İtaliyanın Milli Tədqiqat Mərkəzi (MTM) və Coğrafiya İnstitutunun Roma və Bakı şəhərlərində yer örtüyünün məsafədən zondlama və coğrafi informasiya sistemləri  üzrə birgə layihəsi 2 mərhələdən ibarət olmaqla  2020-2023-cü illəri əhatə edir. 

Məruzəçi Bakı və Roma şəhərlərində torpaqdan istifadənin müvəqqəti və məkan dəyişiklikləri ilə bağlı nəticələrini şərh edib. O qeyd edib ki, layihənin əsas məqsədi məsafədən zondlama metodikasından istifadə etməklə Bakı və Romanın şəhər landşaftlarını öyrənməyə və inkişaf etdirməyə yönəlmişdir. Bu tədqiqatın ilkin nəticələrinin Roma şəhərinə tətbiq edilməsi  MTM ilə Coğrafiya İnstitutu arasında əməkdaşlığın əsasını təşkil edir. Landsat 8 peyk  məlumatlarının istifadəsi və eyni təsnifat metodologiyaları ilə Roma və Bakı şəhərlərinin su keçirməyən  və keçirən səthlərinin xəritəsi də hazırlanıb.

İtaliyalı mütəxəssis Bakı və Roma şəhərləri üzrə hər bir qrupun öz tədqiqat sahəsində əldə etdiyi nəticələri müqayisə etməklə layihənin məqsədlərinə nail olunacağına əminlik ifadə edib.