Alim Xəzərin səviyyə dəyişmələrinin yaratdığı problemlərdən danışıb May 19, 2023 | 05:05 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 16-17 may tarixlərində Bakı Dövlət Universitetində Ümummilli lider H.Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ekologiya və Torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda IV Respublika elmi konfransı keçirilib.

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor  Əmir Əliyev “Xəzər dənizi səviyyəsinin kəskin dəyişmələri ilə əlaqədar Azərbaycan Respublikası dənizsahili torpaqlarının  dinamikası” mövzusunda  məruzə ilə çıxış edib. Dəniz səviyyəsinin proqnozu ilə əlaqədar sahil zonasında gözlənilən ekoloji dəyişmələr barədə məlumat verən alim səviyyənin tərəddüdləri, onların səbəbləri və bu proseslərin sahil ərazilərdə yaratdığı neqativ təsirlər barədə danışıb. Məruzəçi Respublikanın  sahil zonasında torpaqların  subasmaya məruz qalması, deqradasiyaya uğraması və bu torpaqlardan düzgün  istifadə edilməsi məsələlərini önə çəkib.

Maraqla dinlənilən məruzə çoxsaylı suallara və müzakirələrə səbəb olub. Gələcəkdə Universitet ilə bu sahədə birgə tədqiqatların aparılması haqqında fikir mübadiləsi aparılıb.