Cİ-də H.Əliyevin 100 illiyinə həsr edilmiş konfrans keçirilib İyn 07, 2023 | 04:06 / KONFRANSLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov iştirakçıları salamladıqdan sonra bugünkü tədbirin Görkəmli coğrafiyaşünas alim, tanınmış okeanoloq, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Coğrafiya İnstitutunun sabiq direktoru  Ramiz Məmmədovun vəfatının 2-ci ildönümü  ilə üst-üstə düşdüyünü qeyd edib. Müəssisə rəhbəri  okeanoloq alimin öz həyatını Xəzər dənizinin tədqiqinə, coğrafiya elminin inkişafına həsr etdiyini diqqətə çatdırıb, Allahdan ona rəhmət diləyib.

Tədbir iştirakçıları akademikin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Z.Eminov unudulmaz Heydər Əliyev haqqında giriş nitqi söyləyib. O qeyd edib ki, Azərbaycanın bu böyük şəxsiyyətinin yubileyini layiqincə qeyd etmək, ölkənin inkişafındakı xidmətlərini önə çəkmək məqsədilə müəssisənin illik iş planına onun adı ilə bağlı bir sıra silsilə tədbirlər salınıb. İnstitut alimlərinin Heydər Əliyev ili çərçivəsində Respublikada keçirilən tədbirlərdə fəal iştirakı, konfranslardakı uyğun məruzələrlə çıxışları da bu qəbildəndir. Heydər Əliyev mövzusunda keçirilən bugünkü konfransın materialları arasında  60-dək məruzənin yer alması Ulu öndərin Azərbaycanda elm və təhsilin inkişafındakı rolunun bariz nümunəsidir.

Konfransın təşkilatçısı, İnstitutun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani tədbir haqqında məlumatla çıxış edərək, bugünkü Respublika elmi-praktiki konfransının 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsinə, eləcə də Ümummilli liderin elm və təhsilin inkişafında göstərdiyi xidmətlərinə görə keçirildiyini qeyd edib. O bildirib ki, Azərbaycanda elm və təhsilin müasir dünya standartları ilə təşkili və inkişafına daim dəstək olmuş Heydər Əliyev  elm və təhsil siyasətini əsas prioritet istiqamət kimi qəbul etmiş, elmi tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin yaradılmasına daim dəstək olmuşdur.

Sonra Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri, c.ü.f.d. Habil Haqverdiyev "Heydər Əliyevin həyat və fəaliyyəti", Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov "Hidrometeorologiyanın inkişafında Heydər Əliyev mərhələsi,  Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, c.ü.f.d. Mirnuh İsmayılov "Elmi-tədqiqat işlərinin aparılmasında  Ulu  öndər Heydər Əliyevin göstərdiyi dəstək",  Cİ-nin böyük elmi işçisi Natiq Babayev  “Heydər Əliyev Azərbaycan coğrafiyasının mayakıdır”  və BDU-nun dosenti Maqsud Babayev  “Arid regionlarda su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda həmçinin Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, kafedra müdiri Saleh Nağıyev, professor Şövqi Göyçayski  Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, onun Azərbaycan elminə, Azərbaycan aliminə, ziyalısına yüksək qiymət verdiyindən söhbət açıblar.

Tədbirin sonunda Ulu öndər  Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən videofilm nümayiş etdirilib.