Coğrafiyaçı alimlər Aİ-nin su sahəsində Milli Dialoqunda iştirak ediblər İyn 25, 2023 | 05:06 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, prof. Rza Mahmudov,  İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev və eləcə də Milli Məclisin deputatı Vüqar Bayramov 19-23 iyun 2023-cü il tarixlərində Moldovanın paytaxtı Kişineo şəhərində Avropa İttifaqının həyata keçirdiyi «İqlim, su, enerji» layihəsi üzrə 4-cü Milli Dialoqda Azərbaycanı təmsil ediblər.

Tədbirdə Avropa İttifaqının  nümayəndələri ilə yanaşı Türkiyə, Azərbaycan, Moldova, Ukrayna, Pribaltika və Cənubi Qafqaz ölkələrindən çoxsaylı nümayəndə heyəti, alim və mütəxəssislər iştirak edib.

Tədbirdə su ehtiyatları sahəsində hüquqi bazanın gücləndirilməsi (Aİ SÇD və digər direktivlər, Su Konvensiyası) sahəsində  qanunların, siyasətlərin işlənib hazırlanması, içməli suyun keyfiyyəti, transsərhəd suların idarə edilməsi, iqlim dəyişliklərinin su sektoruna təsiri, suyun idarə edilməsi üçün iqtisadi alətlərdən istifadə və su istifadəçiləri assosiasiyaları və ya çay hövzəsini idarə edən təşkilatlar üçün idarəetmə biznes modelinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə edilib.

Azərbaycan nümayəndələri ölkəmizin  bu sahədə həyata keçirdiyi  tədbirlərdən, aparılan elmi tədqiqat işlərindən geniş məlumat veriblər. Prof. R.Mahmudov   Ermənistan və Gürcüstanın transsərhəd çay və göllərin istifadəsinə dair 1992-ci ildə Helsinkidə qəbul edilən Beynəlxalq Konvensiyanı  bu günə kimi imzalamadıqlarını və bununla bağlı heç bir tədbirin görülmədiyini iştirakçılara xatırladıb.  

Tədbir iştirakçıları Kantemir şəhərində Aİ-nin pilot layihələri əsasında quraşdırılmış  su təmizləyici, eləcə də enerji mənbələrinə alternativ qurğuların işi ilə də tanış olublar.