Coğrafiyaçı alim qlobal istiləşməyə təsir edən proseslərdən danışıb İyl 12, 2023 | 03:07 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov  AZƏRTAC-a verdiyi müsahibəsində qlobal istiləşmənin gözləntilərindən danışıb.

İqlimşünas alim bununla əlaqədar Sakit okeanda vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələrinə aydınlıq gətirib. O bildirib ki, dünya okeanında baş verən bu irimiqyaslı proseslər qlobal temperaturun dəyişməsinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. “El Nino” zamanı okean artıq istilik və rütubətin bir hissəsini atmosferə ötürdüyündən Yer kürəsinin qlobal temperaturu bir qədər arta bilir. Hazırda son 3 ildə aktiv olan “La Nino” zəifləməkdə və öz yerini “El Nino”ya verməkdədir.

S.Səfərov qeyd edib ki, Yerin qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,2 dərəcə artıb. Hazırda “La Nino”nun zəifləyərək “El Nino”ya keçməsi Azərbaycan ərazisində intensiv yağıntılar, dolu düşməsi, daşqın və sel hadisələri ilə özünü büruzə verir və qarşıdakı 2-3 il ərzində də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar.