Cİ-də “İlham Əliyevin Gürcüstan siyasəti:.” kitabının təqdimatı olub Sen 06, 2023 | 04:09 / MÜHÜM HADİSƏLƏR

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə müxtəlif ictimai birlik və cəmiyyətlərin nümayəndələri, elm adamları, Gürcüstandan gəlmiş qonaqlar və İnstitut əməkdaşları iştirak ediblər.

Müəlliflər - İnstitutun böyük elmi işçisi, c.ü.f.d Natəvan Cəfərova və  elmi işçi Kamran Ramazanlı kitabda, özlərinin dediyi kimi, “prezident İlham Əliyevin Gürcüstan siyasətini analiz etməyə cəhd göstəriblər”. O cümlədən bu siyasətə regional və qlobal geosiyasətin hazırkı mənzərəsindən baxmağa çalışıblar, Gürcüstan rəhbərliyinin iki qonşu və dost ölkənin əməkdaşlığı ilə bağlı fikirlərinə nəzər salıblar.

Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov giriş sözü ilə çıxış edərək Azərbaycanda neft-qaz sənayesinin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyətindən danışıb.  O bildirib ki, Azərbaycan xalqı yalnız 20-ci əsrin sonlarında, müstəqillik qazandıqdan ‎sonra milli  sərvətlərdən xalqının mənafeyinə uyğun bəhrələnmək imkanı ‎qazanıb.‎ Bu imkan isə 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev tərəfindən gerçəkləşdirilib. Onun rəhbərliyi ilə Azərbaycanın neft strategiyası işlənilib hazırlanıb. Bu strategiya hazırlanarkən əsas şərt kimi həm indiki, həm də gələcək nəsillərin maraqları nəzərə alınıb. Bu prinsip Heydər Əliyevin sözləri ilə belə ifadə edilib: "Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.

1994-cü ildə "Əsrin müqaviləsi" ilə əsası qoyulan Azərbaycanın neft strategiyası çərçivəsində bu günə kimi xarici neft şirkətləri ilə ümumilikdə 27 neft sazişi imzalanıb. Bu sazişlərdə Azərbaycan hökumətinin tərəfdaşları dünyanın 21 ölkəsini təmsil edən 43 şirkətdir. "Əsrin müqaviləsi" Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıdıb. Bu gün Gürcüstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus nəhəng neft terminalı mövcuddur. Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir.

Çıxışının sonunda müəlliflərə təşəkkürünü bildirən baş direktor təqdim olunan kitabın Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsi və genişlənməsinə yeni bir töhfə olduğunu dilə gətirib.

İnstitutun icraçı direktoru, c.ü.f.d. Zaur İmrani, Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, şöbə müdiri, professor Rza Mahmudov, BDU-nun kafedra müdiri Saleh Nağıyev, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məmmədəli Babaşlı filologiya ü.f.d. Şərəf Cəlilli, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və başqaları çıxış edərək yeni nəşrdən çıxmış kitab haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda müəlliflər kitabın məziyyətləri haqqında danışaraq, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlıqlarını bildirib.