Cİ əməkdaşları Beynəlxalq elmi konfranslarda iştirak ediblər Sen 25, 2023 | 04:09 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov və İnstitutun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani Rusiyanın Ulan-Ude və Monqolustanın Ulan-Bator şəhərlərində Rusiya Elmlər Akademiyasının Baykal Təbiətdən İstifadə İnstitutunun filialı və Dorji Banzarova adına Buryat Dövlət Universitetinin təşkil etdikləri beynəlxalq elmi konfranslarda iştirak ediblər.

Sentyabrın 10-dan 15-dək Rusiya Coğrafiyaçılar Cəmiyyəti Assosiasiyasının XIV Elmi Assambleyası çərçivəsində Ulan-Ude şəhərində  baş tutan beynəlxalq elmi konfrans  “Müasir Avrasiya: sosial-coğrafi təhlil”, 15-19 sentyabrda Ulan-Bator şəhərində keçirilən konfrans isə  “Monqolustan və Rusiyada coğrafiya elminin inkişafı: müasir qlobal və Avrasiya kontekstində qarşılıqlı fəaliyyət potensialı” mövzularında olub.

Azərbaycan, Rusiya, Monqolustan, Çin, Bosniya və Herseqovinadan 300-dən çox alimin iştirak etdiyi tədbirdə Z. Eminov “Avrasiyada türkdilli dövlətlərin birliyi sosial-iqtisadi inkişafın əsasıdır”, Z. İmrani isə “Dayanıqlı inkişafın regional iqtisadi-coğrafi modeli” adlı məruzələrlə çıxış  ediblər.

Konfrans çərçivəsində iştirakçılar Buryat Respublikasının tarix muzeyi, etno-turizm mərkəzi, Kyaxra iqtisadi turizm zonası, Baykal gölü və onun problemləri, Çingiz xanın muzeyi, Axın-Tereldj Milli Parkı ilə də yaxından tanış olmaq imkanı qazanıblar.