2014-cü il, 15 yanvar tarixində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Elmi Şuranın növbəti iclasına yığışmışdılar.
Amma bu iclas həmişəki elmi iclaslardan fərqlənirdi. Bura yığışanlar Paleocoğrafiya şöbəsinin sabiq müdiri, coğrafiya elmləri doktoru, professor Bayram Cavad oğlu Ələsgərovu yad etmək üçün onun 80 illik yubileyinə həsr olunmuş geniş xatirə yığıncağına toplaşmışdılar. Və onun həmişə əyləşdiyi yerdə əksi və qırmızı qərənfillər qoyulmuşdu. Mərhumun yaxın dostları, oğlanları, həmkarları, iş yoldaşları da burada idilər.
İlk əvvəl Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov giriş nitqi söyləyərək B.Ələsgərov haqqında xoş sözlər dedi, onu təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da tanınmış geniş miqyaslı bir coğrafiyaşünas alim, yaxşı dost kimi qiymətləndirdi, onunla bağlı xatirələrini bölüşdü, Allahdan ona rəhmət dilədi. İnstitutun direktor müavini, coğrafiya elmləri doktoru, Elbrus Əlizadə öz məruzəsində B.Ələsgərovun həyat və fəaliyyəti barədə geniş məlumat verdikdən sonra tədbir iştirakçıları alim haqqında xatirələrini bölüşmək üçün söz aldılar. İnstitut Həmkarlar Komitəsinin sədri, c.e.n. Habil Haqverdiyev B.Ələsgərovun 80 illik yubileyi münasibətilə təbrik məktubu hazırlandığını bildirdi, lakin onun sağlığında təyinatçıya çatdırmağın qismət olmadığını söyləyərək adresi B.Ələsgərovun ailə üzvlərinə təqdim etdi, onunla bağlı xatirələrini danışdı.
Xalq şairi İlyas Tapdıq Bayram müəllimlə uşaqlıq dostu olduğundan, sonralar bir alim kimi ondan çox şeylər öyrəndiyindən, gözəl, gur səsi ilə saz havaları oxuya bilməsindən, təbiət vurğunu kimi bağında gözəl bir guşə yaratdığından, dostlarını həmişə özündən üstün tutduğundan və s. söhbət açaraq çıxışını ona həsr etdiyi şerlə bitirdi. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin İqtisadi coğrafiya kafedrasının müdiri professor Tapdıq Həsənov Bayram müəllimin Universitetlə bağlı pedaqoji fəaliyyətindən danışarkən onun dərs dediyi tələbələr və müəllim kollektivi arasında necə böyük nüfuza malik olduğunu xüsusi vurğuladı. Coğrafiya elmləri doktoru Hüseyn Xəlilov öz çıxışında ən yaxın iş yoldaşı olan B.Ələsgərovun başladığı elmi tədqiqatları onun davamçılarının ləyaqətlə başa çatdıracaqlarına əminliyini söylədi.
Bayram müəllimin ölümündən dərin kədərləndiyini bildirən coğrafiya elmləri doktoru, paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi Yelena Tağıyeva dedi: “Onunla işləmək çox xoş idi. Uzun illər bir yerdə işləməyimizə baxmayaraq bir dəfə də olsa ondan acı söz eşitmədik. Ona çox arxalanırdıq, çətinliklər zamanı bir rəhbər kimi çiynini qabağa vermiş, köməklik göstərmiş, həm elmi, həm də həyati cəhətdən dəyərli məsləhətlər vermişdir. Ona görə də indi onun aramızda olmamasına alışmaq olduqca çətindir. Bayram müəllim Azərbaycanda paleocoğrafiya elminin əsaslarını qoyanlardan biridir. Yarandığı tarixdən paleocoğrafiya şöbəsinin sayca dördüncü rəhbəri olan B.Ələsgərov işlədiyi müddətdə onu yüksək səviyyəyə qaldırdı. Onun doktorluq işində demək olar ki, ilk dəfə polinoloji tədqiqatlar öz təsdiqini tapdı. B.Ələsgərovun bu zala bu qədər dostlarının, həmkarlarının yığışması onun necə bir dəyərli alim, gözəl insan olmasını bir daha sübut edir. Allah ona qəni-qəni rəhmət eləsin!”.
Xoş sözlərlə alimi yad edənlər arasında BDU-nun Riyaziyyat kafedrasının müdiri Novruzəli Rüstəmov, ADPU-nun Ekologiya fakültəsinin dekanı, dosent Yavər Əliyev, şair Musa Ələkbərli, Coğrafiya İnstitutunun elmi katibi Luiza Salayeva, Ekocoğrafiya şöbəsinin müdiri, c.e.n., dosent Ənvər Əliyev, paleocoğrafiya şöbəsinin elmi işçisi Əliyar Əliyev və s. də var idi.
Tədbirin sonunda mərhumun oğlu ailəsi adından Bayram Ələsgərovun 80 illik yubileyinə həsr olunmuş yüksək səviyyədə xatirə yığıncağını təşkil etdiyinə görə Coğrafiya İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirdi.