Coğrafiyaçı alimlər EGEO-ya hazırlıq tədbirində iştirak ediblər Okt 18, 2023 | 03:10 / MÜHÜM HADİSƏLƏR

Oktyabrın 16-da AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) sıx əməkdaşlığı ilə Təhsildə İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Beynəlxalq olimpiadalara (iGeo və eGeo) hazırlıq” layihəsinin onlayn formatda açılış mərasimi baş tutub.

Tədbirdə Coğrafiya İnstitutunun baş direktoru, c.e.d., professor Zakir Eminov, icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani, layihə çərçivəsində əməkdaşlıq edən  BDU-nun Coğrafiya fakültəsinin müəllimi, c.e.d. Şəkər Məmmədova, Layihə rəhbəri, iştirakçıları, xüsusən əvvəlki illərdə respublika fənn olimpiadalarında (RFO) qalib gəlmiş,  eGeo-da medal qazanmış şagirdlər və s. iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Təhsildə İnnovasiyalar üzrə Qrant Müsabiqəsinin ardıcıl olaraq 5 dəfə qalibi Yaşar Seyidəliyev qrant müsabiqəsi, iGeo-eGeo olimpiadaları və layihə barədə iştirakçılara dolğun məlumat verib.

Prof. Z.Eminov çıxış edərək coğrafiyanın əsas məsələlərindən, beynəlxalq coğrafiya proqramında istifadə olunan mövzuların dünya ölkələri qarşısında qoyduğu aktual  problemlərdən və onların həlli üçün yüksək keyfiyyətli kadrlar  hazırlanmasının zəruriliyindən söz açıb, ölkənin gələcək inkişafında yüksək peşəkarlığa malik mütəxəssislərin əvəzsiz rola malik olduğunu qeyd edib. Bu istiqamətdə layihənin böyük rolunu, ACC və  Coğrafiya İnstitutunun bu layihəyə daimi dəstək olacağını diqqətə çatdırıb.

Dosent Z.İmrani çıxışında bu il İndoneziyada keçiriləcək  19-cu iGeo-da iştirak etmək üçün aparılan hazırlıq işləri, münsiflər heyətinin seçilməsi və bu işdə tam məxfiliyin təmin edilməsi, müsabiqədə iştirak edəcək komanda heyətinə ən güclülərin seçilməsində şəffaflıq və ədalətlilik prinsiplərinə riayət olunması və digər məsələlərdən söhbət açıb, Coğrafiya İnstitutunun layihə çərçivəsindəki əvəzsiz rolunu xüsusi qeyd edib.  

BDU əməkdaşı Ş.Məmmədova nitqində gənc nəslin coğrafiyaya meyl etməsini və orta məktəblərdə coğrafiyadan istedadlı şagirdlərin yetişməsinin gürurverici olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, Layihə rəhbəri Yaşar Seyidəliyevin Azərbaycan beynəlxalq coğrafiya olimpiadalarına şagird hazırlığı və ölkə komandasının yüksək səviyyədə təşkili müqabilində ölkəyə artıq 5 medal gətirilib ki, bu da beynəlxalq coğrafiya olimpiadalarına ölkə ictimaiyyətinin marağının artmasına səbəb olub. Bunun nəticəsi olaraq, coğrafiya fənninin AR Elm və Təhsil Nazirliyi tərəfindən beynəlxalq olimpiadalar siyahısına daxil edilməsi gözlənilir.