AMEA-nın Yer Elmləri Bölməsinin 2023-cü il üzrə illik hesabatları müzakirə olunub Yan 08, 2024 | 02:01 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin Elmi şurasının 2023-cü ildə elmi müəssisə və təşkilatlarda elmi tədqiqat işlərinin illik yekunlarına həsr olunmuş iclası keçirilib.

Tədbirdə Bölmənin akademik və müxbir üzvləri, elmi müəssisələrin direktorları iştirak ediblər.

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən, ölkə başçısının müvafiq Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq etməsindən, bölmənin və onun əhatə etdiyi elmi müəssisələrin fəaliyyətinə yeni, müasir yanaşmaların zəruri olmasından danışmış, elmi müəssisələrdə 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələri barədə hesabatların keçirildiyini qeyd etmiş, Azərbaycanın Yer elmlərinin dünya elmi  reytinqlərində mövqeyindən, tədqiqatların gedişində əldə olunan mühüm nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda nəşrindən bəhs etmişdır.

AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov AMEA-nın Yer Elmləri Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı Bölmə üzvlərinə təqdim etmişdir. O bildirmişdir ki, hesabat ilində müvafiq elmi tədqiqat institutlarının fəaliyyətində bir sıra dövlət proqramlarının, o cümlədən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın tələbləri, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı”nın müddəaları rəhbər tutulmuşdur.

Ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında”  Sərəncamına uyğun olaraq cari ildə AMEA Yer Elmləri Bölməsinin elmi əhatə dairəsinə daxil olan müəssisələrdə onlarla elmi konfrans, seminar, görüş və digər tədbir keçirilmiş, alimlərin Heydər Əliyevə həsr edilmiş kitabları, məqalələri, xatirələri və müsahibələri dərc edilmişdir. Keçirilən tədbirlər sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Neft Qaz İnstittunun təşkilatçılığı ilə keçirilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans, Geologiya və Geofizika İnstitutunun təşkil etdiyi “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda  gənc alim və tələbələrin IX Beynəlxalq elmi konfransı,  Respublika Seysmoloji Xidmət Mərkəzinin Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil etdiyi “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda VII Beynəlxalq konfrans, Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin keçirdiyi “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda konfrans,  həmin institutun Türkiyənin Mersin Universiteti ilə  keçirdiyi geoinformatika sahəsində kritik problemlərin həlli yollarının araşdırılmasına istiqamətlənmiş “6-cı Qitələrarası Geoinformasiya Günləri” adlı beynəlxalq konfrans, “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktiki  konfrans xüsusi qeyd olunmalıdır.

O bildirib ki, 2023-cü ildə Bölmənin elmi müəssisələrində  12 kitab, 3 monoqrafiya, 268 məqalə, 185 tezis, 13 dərslik, o cümlədən xaricdə 1 kitab, 108 məqalə, 51 tezis, Web of Sciense və Scopus bazalarına daxil olan jurnallarda 76 məqalə nəşr edilib. İl ərzində institut əməkdaşlarının əsərlərinə 1547 istinad qeydə alnmışdır. Fəxrəddin Qədirov Beynəlxalq Scimago Journal & Country Rank (SCIMAGO) elmi reytinq cədvəlində 2023-cü ilin göstəricilərinə görə Azərbaycan 200-ə yaxın dünya ölkəsi arasında Geologiya elmi üzrə göstəricilərin tutumuna görə 51-ci, Geofizika elmi istiqaməti üzrə 43-cü, Mühəndis geologiyası üzrə 50-ci yerdə olduğunu vurğulayıb.

Fəxrəddin Qədirov bildirib ki, AMEA-nın Yer Elmləri Bölməsində “ANAS Transactions. Earth Sciences”, “Stratigraphy and sedimentology of oil-gas basins”, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, “Coğrafiya və təbii resurslar” elmi jurnalları dərc olunur və veb saytları fəaliyyət göstərdiyini qeyd etdi. O bildirdi ki,  SCOPUS beynəlxalq məlumat bazasına daxil  edilmiş “ANAS Transactions. Earth Sciences” jurnalınına İF=2.19 impakt faktoru verilib: (https://www.scopus.com/sourceid/21101049623).

Hesabat ilində AMEA-nın Yer Elmləri Bölməsi müəsissələrində, habelə respublikanın uyğun profilli elmi qurum və təşkilatlarında, ali təhsil müəsissələrində təhsil alan doktorant və dissertantların dissertasiya mövzuları Yer elmləri üzrə Problem şurasına təqdim edilmişdir. Yer elmləri üzrə Problem şurasının keçirilmiş 6 iclasında 19 elmlər və 36 fəlsəfə doktorunun mövzuları müzakirə edilərək qeydiyyata alınmış və təsdiq edilmişdir.

O, eyni zamanda AMEA-nın nəzdində Respublika Seysmoloji Xidməti Mərkəzinin Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinin ərazisində Şuşa dərin quyu seysmik stansiyanın quraşdırılıması işlərinin aparıldığını qeyd etmişdir.

Akademik Fəxrəddin Qədirov cari ildə alınmış qrantlar, təltif və mükafatlar, elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr hazırlığı, nəşr olunan jurnallar, elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqat nəticələrinə dair fikir mübadiləsindən sonra hesabat qəbul olunmuşdur.

                      

 

 

science.az