AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, HİK-in sədri Kamran Ramazanlı və qadın kollektivi, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, eləcə də elmi müəssisə və təşkilatların qadınlar şuralarının sədr və üzvləri iştirak ediblər.
Z.Eminov iclas iştirakçılarını salamladıqdan sonra Azərbaycan qadınlarının elmdə rolu, İnstitutun coğrafiyaçı alim qadınları haqqında qısaca məlumat verib. Sonra İnstitut rəhbəri məruzə üçün sözü Coğrafiya İnstitutunun Qadınlar Şurasının sədri c.ü.f.d. Solmaz Rzayevaya verib.
Cİ-nin Qadınlar Şurası, onun idarə heyəti haqqında məlumat verən sədr İnstitutda çalışan 74 qadın elmi işçidən 3-ünün elmlər doktoru, 19-unun fəlsəfə doktoru olduğunu bildirib. Sonra o, “İlklərə imza atan Azərbaycan qadınları” mövzusunda təqdimatla çıxış edib. Diqqəti müxtəlif elm sahələrində böyük uğurlar qazanmış ilk azərbaycanlı qadın alimlərə yönəldən S.Rzayeva çıxışında coğrafiyaçı alim qadınlara daha çox yer ayırıb.
AMEA QŞ-nin sədri Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən bu əlamətdar günün bütün dünyada qeyd olunduğunu diqqətə çatdırıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini qeyd edib, AMEA-da qadınların elmi fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Sonra AMEA QŞ-nin İdarə Heyətinin üzvü, Coğrafiya İnstitutunun böyük elmi işçisi Luiza Salayeva, Cİ Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, elmi katibi Zərnurə Həmidova, QŞ-nin İdarə heyətinin üzvü Sevil Quliyeva, aparıcı elmi işçisi Tahirə Salmanova, laborantı Alidə Zeynalova, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı Ziba Ağayeva və böyük elmi işçisi Xanımağa İsmayılova, Arxeologiya və Antropologiya İnstitutunun QŞ-nin sədri Vəfa Mahmudova, AMEA Mərkəzi Elmi Kitabxananın QŞ-nin sədri, şəhid bacısı Röksanə Səfərova çıxış edərək həyatını elmə həsr etmiş Azərbaycan qadınlarından, qadınların fədakar əməyindən, onların ailədə və uşaqların tərbiyəsindəki rolundan, problemlərindən, qızların tərbiyəsində təhsilin əhəmiyyətindən və s. söhbət açıblar.