Məmməd Sadıqovun 80 yaşı tamam olub Mart 04, 2024 | 04:03 / YUBİLEYLƏR

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfi doktoru, dosent Məmməd Sadıqovun 80 yaşı tamam olub.

İnstitut rəhbərliyi bu münasibətlə alimi kollektiv adından təbrik edib, ona can sağlığı, elmi fəaliyyətində uğurlar diləyib.

M.O.Sadıqov 1944-cü ildə Gürcüstanın Borçalı mahalının Sarvan qəsəbəsində anadan olub.

1963-cü ildə Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan orta məktəbini bitirərək ADU-nun Geologiya-Coğrafiya fakültəsinə daxil olub.

1969-cu ildə Universiteti iqtisadi coğrafiya ixtisası üzrə bitirib və Bakı hava məlumatı bürosunda işə düzəlib.

1970-1974-cü illərdə AMEA Coğrafiya İnstitutunun «Xəritəçilik» şöbəsində baş laborant, sonra isə «İqtisadi coğrafiya» şöbəsində kiçik elmi işçi vəzifələrində işləyib.

1974-cü ildə eyni zamanda institutun qiyabi aspiranturasına qəbul edilib və 1983-cü ildə RF-nın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində «Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşmasının tənzimlənməsi problemləri» mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Onun 150-dən çox elmi məqaləsi, 15 elmi hesabat, 7 elmi və elmi populyar kitabları işıq üzü görüb.

Məmməd müəllimin gördüyü ən böyük işlər isə Borçalı ilə bağlıdır. Məhz onun böyük zəhmətinin, iradəsinin, gərgin elmi axtarışlarının nəticəsində “Ulu Borçalı”, “Borçalı alimləri”, “Borçalı”, “Ömrə-ömür calayanlar” və “Gürcüstan Respublikasında Azərbaycanlıların sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti” kimi hər biri 30-35 çap vərəqdən ibarət  5 iri həcmli kitabların müəllifidir.

Son illər iqtisadi coğrafiya ilə yanaşı coğrafi-tarixi etnoqrafiya, əhali coğrafiyası kimi məsələlərlə də məşğul olur.

25 ilə yaxındır ki, ölkənin müxtəlif ali məktəblərində coğrafiyanın tədris edir.

O, AMEA Tarix İnstitutunda 12 il aparıcı elmi işçi vəzifəsində Azərbaycan diasporu şöbəsində çalışıb.

2005-ci ildən Azərbaycan Turizm və Menecment Universitetinin «Turizm Biznesi» kafedrasında dosent vəzifəsində çalışır.

Son 12-13 ildə 16-ya yaxın respublika və beynəlxalq səviyyəli elmi konfranslarda çıxış edib və elmi-nəzəri məqalələr çap etdirib.