Coğrafiyaçı alim “Bakı su həftəsi” konfransının iştirakçısı olub Mart 15, 2024 | 06:03 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları  şöbəsinin müdiri, professor Rza Mahmudov martın 12-dən 14-dək Azərbaycan Dövlət Su Agentliyinin təşkil etdiyi “Bakı Su Həftəsi” Beynəlxalq Konfransında iştirak edib.

Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklər və həll yollarının müzakirəsi məqsədini daşıyan tədbirdə  müvafiq beynəlxalq təşkilatların nümayəndələri  və Azərbaycanın elm və dövlət qurumlarından çoxsaylı alim və mütəxəssislər iştirak ediblər. Konfransın açılışında Azərbaycanın Dövlət Su Agentliyinin sədri Zaur Mikayılov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ETSN-nin nazir müavini Umayra Tağıyeva və s. çıxış ediblər.

Professor Rza Mahmudov “Azərbaycanda regional iqlim dəyişmələri və onun çay su ehtiyatlarına təsiri” mövzusunda məruzə ilə üçüncü panel iclasında çıxış edib. Alim  məruzəsində faktiki müşahidə məlumatlarına əsasən son 30 ildə Azərbaycan ərazisində orta çoxillik temperaturların müxtəlif yüksəklik intervalları və müxtəlif coğrafi bölgələr üzrə dəyişməsinə və onun çayların su ehtiyatlarına təsirinə dair ətraflı məlumat verib.  Məruzə iştirakçılar arasında böyük maraq doğurub. İqlimşünas alim Türkiyənin Çanaqqala Universitetinin rektoru prof. Cüneyt Erenoğlu və prof. Vedat Çalışkanın bu sahədə birgə əməkdaşlıq haqqındakı  təklifini məmnuniyyətlə qəbul edib.

Yeri gəlmişkən qeyd edək ki, Coğrafiya İnstitutunun əməkdaşları  - baş direktor professor Zakir Eminov, icraçı direktor dosent Zaur İmrani və professor Rza Mahmudov “Bakı Su Həftəsi” çərçivəsində konfransdan əvvəl Bakı Ekspo Mərkəzində təşkil edilən Beynəlxalq Su Təsərrüfatı Sərgisində iştirak ediblər və Coğrafiya İnstitutunun təmsil olunduğu stendin qarşısında xatirə şəkli çəkdiriblər. Müəssisəyə ayrılan guşədə İnstitutun son illərdə nəşr etdirdiyi fundamental kitablar, o cümlədən,  “Azərbaycan Respublikasının coğrafiyası” və “Türk dünyasının coğrafiyası və etnosu” üçcildlikləri”, Naxçıvanın coğrafiyası” ikicildliyi, sərginin gündəliyinə uyğun seçilən monoqrafiya və xəritələr nümayiş etdirilib.  Kitablar sərgi iştirakçılarının böyük marağına səbəb olub.