AMEA-da “Azərbaycan memarlığında Naxçıvan abidələri” mövzusunda respublika elmi konfransı keçirilib Mart 16, 2024 | 03:03 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş “Azərbaycan memarlığında Naxçıvan abidələri” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutduğunu bildirib. O, ölkə Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən bu il ərzində əlamatdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. 

Fevralın 9-da Naxçıvanda muxtar respublikanın 100 illiyinin təntənəli şəkildə qeyd olunduğunu xatırladan akademik İsa Həbibbəyli mühüm siyasi əhəmiyyətə malik Sərəncama əsasən AMEA-da da Naxçıvan Muxtar Respublikasının yubileyi ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. O, həmçinin bu ilin iyul ayında Akademiyanın Naxçıvan Bölməsində AMEA Rəyasət Heyəti ilə birgə beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb. Bundan başqa, AMEA rəhbəri muxtar respublikanın 100 illiyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Naxçıvan ədəbi mühiti: Ənənələr və müasir dövr” adlı  kitabın hazırlandığını və nəşrin son hazırlıq mərhələsində olduğunu bildirib.

“Azərbaycan tarixinin bütün dövrlərində Naxçıvan həmişə doğma ana Vətənin ayrılmaz tərkib hissələrindən biri olmuşdur”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu əldə etməsi və muxtar respublika kimi fəaliyyət göstərməsi bu diyarın çoxəsrlik tarixinin mühüm hadisəsidir. O, Naxçıvanın Atabəylər dövlətinin paytaxtı missiyasını şərəflə yerinə yetirdiyini, həmin dövrdə  memar Əcəmi Naxçıvani tərəfindən bu diyarda milli memarlığımızın şah əsərlərindən olan Möminə xatun türbəsinin inşa edildiyini söyləyib. Alim dünya əhəmiyyətli abidə olan Möminə xatun türbəsini memarlıq sənətinin Xəmsəsi kimi xarakterizə edib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırılmışdır. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edilmiş, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılmışdı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi böyük cəsarət tələb edirdi ki, Ulu Öndər bunu nümayiş etdirmişdi. 

AMEA prezidenti 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildiyini söyləyib. O, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə həyata keçirilən islahatlar, görülən əhəmiyyətli tədbirlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunduğunu, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırıldığını bildirib. Qeyd edib ki, Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Ölkədə siyasi sabitlik bərqərar oldu, Azərbaycan dövlətçiliyinin möhkəm təməli qoyuldu.

Akademik İsa Həbibbəyli hazırda Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə və yeni dövrün reallıqlarına uyğun uğurla davam etdirdiyini deyib. Əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, Dövlət Bayrağının ölkəmizin bütün ərazisində dalğalandırılması Azərbaycan tarixinin təkrarsız hadisələridir.

AMEA prezidenti vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionları kimi Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, qarşıya qoyulan hədəflər reallaşdırılır.

Çıxışının sonunda akademik İsa Həbibbəyli bugünkü konfransın Naxçıvanın əsas sərvətlərindən olan memarlıq sahəsindəki nailiyyətlərə, şəxsiyyətlərə yeni elmi baxış gətirəcəyinə əminliyini bildirib.

Sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova Naxçıvan memarlığının Azərbaycan memarlıq tarixində xüsusi yer tutduğunu, qədim dövrlərdən bu bölgədə çoxsaylı əhəmiyyətli abidələrin mövcud olduğunu söyləyib. Qeyd edib ki, Naxçıvan ərazisindəki yaşayış məskənləri, qala-şəhərləri və müdafiə istehkamları ən qədim dövrdən insanların burada yaşadığını təsdiq edir.

Professor Gülçöhrə Məmmədova Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın böyük inkişaf yolu keçdıyini, XII əsrdə burada memarlıq məktəbinin formalaşdığını söyləyib. Vurğulayıb ki, o dövrdə memar Əcəmi Naxçıvaninin yaratdığı məktəb nəinki Azərbaycan, bütün Şərq mədəniyyəti üçün əhəmiyyətli tarixi hadisə idi.

Azərbaycanda memarlıq abidələrinin bərpası və qorunması istiqamətində görülən işlərdən danışan rektor bu məsələnin müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini bildirib.

Professor Gülçöhrə Məmmədova memarlıq abidələrinin bərpası istiqamətində rəhbərlik etdiyi müəssisə ilə AMEA institutlarının birgə fəaliyyətinin önəmini qeyd edib.

Konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Əcəmi Naxçıvani yaradıcılığının dünya memarlığına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvanda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından əhəmiyyətli və maraq doğuran binalar, komplekslər, tarixi abidələr haqqında məlumat verib.

Tədbirdə, həmçinin “Naxçıvan abidələrinin ölkədaxili və xarici analoqları”, “Naxçıvanın hidrotexniki tikililəri”, “Naxçıvan abidələrinin Azərbaycanın Qərb bölgəsinin memarlıq irsi ilə əlaqələri”, “Naxçıvan və Cənub-ŞərqiAzərbaycanın müdafiə tikililərində memarlıq paralelləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

https://science.gov.az