“Respublika” qəzetində “Hacı Zeynalabdin Şirvani Coğrafiyaşünas alimin, səyyahın elmi-nəzəri fəaliyyəti” başlığı altında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və dosent Habil Haqverdiyevin məqaləsi çap edilib.
Məqalədə tanınmış görkəmli Azərbaycan və xarici elm adamları, yazıçılar, mədəniyyət və dövlət xadimləri dünya coğrafiya elminin klassiklərindən sayılan, dünya şöhrətli səyyah və ensiklopedik alim, filosof Hacı Zeynalabdin Şirvani haqqında fikirləri, ona verdikləri dəyər geniş yer alıb.
Müəlliflər bildirirlər ki, səyyah-alimin zəngin tarixi, fəlsəfi, coğrafi, ədəbi irsi və şəxsiyyəti haqqında dünya elm aləmində tam təsəvvür yaratmaq üçün hələ çox yazılmalıdır. Onun qiymətli tarixi, coğrafi, ədəbi irsi, fəlsəfəyə, etnoqrafiyaya aid qiymətli ideya və fikirlərinin bundan sonra öyrənilməsi müasir Azərbaycan elmi qarşısında duran əsas vəzifədir: “Onun əsərlərinin yazılmasından iki əsr keçməsinə baxmayaraq, hələ də doğma dilinə tərcümə edilməyib. Güman edilir ki, öz vətənini sevən və elmə dəyər verən alimlərimiz bu vəzifənin öhdəsindən gələcəklər”.