AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani ölkəmizin “Qarabağ Azərbaycandır!” şüarı ilə qoşulduğu GeoNight Beynəlxalq tədbirində iştirak edib.
Fransa, İtaliya və Beynəlxalq Coğrafiya İttifaqının təşkil etdiyi bu tədbir dünyada hər il eyni gün olmaqla, coğrafiyanı və coğrafiyaçıları ön plana çəkmək, geniş ictimaiyyəti coğrafi anlayışlar və araşdırmalarla tanış etmək və coğrafi tədqiqatları daha əlçatan etmək məqsədilə keçirilir.
Azərbaycanda keçirilən tədbirin təşkilatçısı, həmişəki kimi, layihə rəhbəri Yaşar Seyidəliyev olmaqla, Təhsildə Qrant müsabiqəsi qalibi “iGeo Azerbaijan Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq” layihəsidir.
Görüşdə ziyalılar, alimlər, məktəblilər və məktəb müəllimləri, direktorları, universitet müəllimləri və rəhbərləri iştirak edib.
Eyni zamanda Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri Zaur İmrani tədbirdə “Qarabağ turizminin coğrafi aspektlərinin dəyərləndirilməsinin meyarları, istiqamətləri və müasir metodiki yanaşmaları” mövzusunda çıxış edib.