AMEA Coğrafiya İnstitutunun “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Rövşən Kərimov bu il fevralın 14-ündə Rusiyanın Novosibirsk şəhərində “İqtisadiyyatda və idarəetmədə müasir meyillər: yeni baxış” mövzusunda keçirilmiş XXIV Beynəlxalq Elmi-Praktiki Konfransda “Azərbaycan Respublikasında davamlı demoqrafik inkişafın coğrafi problemləri” adlı məqaləsi ilə çıxış etmişdir.
Müəllif tədqiqat işində qeyd edir ki, nisbətən kiçik əraziyə malik olan Azərbaycan Respublikası üçün regional demoqrafik yüklənmə, əhalinin regionlar üzrə əlverişli olmayan qeyri-bərabər paylanması, ümumi əhalinin yüksək sıxlığı şəraitində demoqrafik proseslərin idarə olunmasının zəruriliyi, bəzi dağ və düzən kəndlərin demoqrafik dayanıqlılığı səciyyəvidir. Bu və digər problemləri təhlil edən müəllif ölkədə demoqrafik proseslərin perspektiv tənzimlənməsi istiqamətlərini araşdırmışdır. Təşkilat Komitəsi olan Elmi Əməkdaşlıq üzrə İnkişaf Mərkəzi tərəfindən R.Kərimova müvafiq sertifikat verilmişdir.