Cİ əməkdaşlarının ADU tələbələri ilə görüşü keçirilib May 30, 2024 | 03:05 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Dillər Universitetində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun  Tərcümə fakültəsinin tələbələri ilə görüşü  keçirilib.

COP29-a həsr olunmuş tədbirdə prof. Z.Eminov çıxış edərək Azərbaycanda və dünyada baş verən iqlim dəyişmələri, onların səbəb və nəticələri, Xəzər dənizinin səviyyə dəyişmələrinin öyrənilməsi və ölkədə aparılan ümumi iqlim tədqiqatları haqqında  məlumat verib. O bildirib ki, bu gün iqlim dəyişmələri ilə baş verən proseslər artıq dünyanın bütün regionlarında hiss olunur və mənfi nəticələri güclənir. Bunları nəzərə alaraq ilin sonunda BMT çərçivəsində beynəlxalq səviyyədə COP29 konvensiyası keçiriləcəkdir. Ölkədə iqlimin dəyişməsi, ona uyğunlaşma tədbirlərinin işlənib hazırlanması, su ehtiyatlarından səmərəli istifadə olunması, Xəzər dənizinin öyrənilməsi sahəsində tədqiqatlar ciddi şəkildə bundan sonra da aparılmalıdır.

C.e.d. S.Səfərov tələbələrlə görüşdə Xəzər dənizinin səviyyə dəyişmələri, onun yaxın gələcəkdə vəziyyəti, iqlim dəyişmələrinin öyrənilməsi, dünyada baş verən hidrometeoroloji proseslərin Xəzərin səviyyə dəyişmələrinə təsiri, Azərbaycanda bu istiqamətdə həyata keçirilməsi vacib olan tədbirlər və s. barədə iştirakçılara məlumat verib.

Sonda Universitet rektor köməkçisi Anar Osmanov tədbirdə iştirakına görə coğrafiyaçı alimlərə təşəkkürünü bildirib.