Rusiya Federasiyasının Voronej şəhərində Dövlət Meşə-Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda III Beynəlxalq demoqrafik forumda Proqram Komitəsinin üzvü kimi AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov və “Demoqrafiya və Azərbaycanın əhalisi” şöbəsinin baş elmi işçisi, dosent Etibar Bədəlov iştirak ediblər.
Forumda qlobal dünyada demoqrafik dəyişikliklər, iqtisadi-demoqrafik, coğrafi, siyasi və sosioloji tədqiqatlar, əhaliyə tibbi-demoqrafik proseslərin təsiri insanların reproduktiv sağlamlığı, ailələrə və ailə dəyərlərinə dəstək məsələləri hüquqi, psixoloji və sosial tədqiqatlar, həmçinin müasir geodemoqrafik proseslərin dinamikası sahəsində geniş müzakirələr aparılıb.
Konfransın plenar iclasında prof. Z.Eminov “Azərbaycan Respublikasında demoqrafik inkişaf və məskunlaşmanın regional problemləri”, E.Bədəlov isə “Azərbaycan və qonşu ölkələrin şəhər əhalisinin demoqrafik dəyişikliyi” mövzusunda məruzə ilə çıxış edib. Yaxın və qismən uzaq olan 30-a qədər ölkənin son 50 ildə urbanizasiya prosesləri və şəhər məskunlaşması, aqlomerasiya və meqalopolislərin formalaşması, həmçinin son on illərdə baş verən demoqrafik proseslərin inkişaf xüsusiyyətləri slayd vasitəsilə təqdim edilib. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.