Cİ alimi palinoloq və paleobotaniklərin Beynəlxalq tədbirində iştirak edib İyn 04, 2024 | 06:06 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyeva Çex Respublikasının Praqa şəhərində keçirilən XV Beynəlxalq Palinoloji Konqresin və XI Beynəlxalq Paleobotanika Konfransının (IPC/IOPC) birgə iclasının iştirakçısı olub.

Tərəqqi və innovativ tədqiqatların mübadiləsi məqsədi ilə dörd ildən bir toplaşan Beynəlxalq Palinoloqlar və Paleobotaniklər Birliyinin builki konfransında  51 ölkədən 520 iştirakçı iştirak edib.

“Azərbaycanda arxeoloji məskənlərin mikrobiomorfları ərazinin yerli ekoloji xüsusiyyətlərinin göstəricisi kimi” mövzusunda məruzə ilə çıxış edən Y.Tağıyeva Mərkəzi Azərbaycanın Qarabağ düzündə İsmayılbəytəpə neolit məskəni üçün palinologiya, fitolit analizi və qeyri-tozcuqlu palinomorflar (AES) sahəsində əldə olunan nəticələri təqdim edib. O göstərib ki, tədqiqatlar arxeoloji abidənin formalaşması zamanı onun məskunlaşmasının müxtəlif mərhələlərində baş verən prosesləri başa düşməyə imkan verib. Qazıntı zamanı aşkar edilən fosil sporlar, polen və bitkilər Yerdəki həyatın təkamülünü göstərir, keçmişin ekologiyası və paleoiqlimi haqqında mühüm məlumatlar verir.

Coğrafiyaçı alim palinoloqlar və paleobotaniklərin yüz milyonlarla il ərzində baş verən iqlim dəyişikliklərinin əla məlumat bazasına malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, floristik dəyişikliklər qlobal miqyasda regionun ekologiyasını və iqlimini yüksək dərəcədə dəqiqliklə göstərir. Paleontologiya və o cümlədən palinologiyanın əsas prinsipi odur, ki: “İndiki zaman keçmişi dərk etmək üçün açardır”.

Sonda alim iqlim dəyişikləri vəziyyətində gələcəkdə nələrin baş verə biləcəyini görmək üçün keçmişi öyrənməyin vacib olduğuna diqqət çəkib.