Landşaftşünas alimlər çöl tədqiqatında təhlükəli prosesləri araşdırıblar Avg 19, 2024 | 01:08 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin  H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları - şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılov başda olmaqla, coğrafiya üzrə fəlsəfə doktorları Səidə Zeynalova, Müseyib Yunusov, Gülnar Hacıyeva və Sevil Quliyeva, elmi işçi Emil Cəbrayılov, kiçik elmi işçi Aminə Muradova və mütəxəssis Aygün  Hacıyeva 15 gün müddətində  Oğuz, İsmayıllı, Şamaxı və Qəbələ rayonları ərazisində çöl tədqiqatlarında olublar. 

Məqsəd tədqiqat ərazisində son dövrlərdə qəfil sinoptik hadisələrin təsiri ilə landşaft-ekoloji təhlükə və risk əmələ gətirən sürüşmə, sürüşmə-uçqun, sel, eroziya və s. ekzodinamiki proseslərin baş vermə səbəbləri, aktivliyin artması və onlara qarşı mübarizə tədbirlərinin hərtərəfli şəkildə öyrənilməsi, iri miqyaslı rəqəmsal xəritələşdirilmənin aparılması üçün informasiyanın toplanılması olub.

Tədqiqatlar  nəticəsində sürüşmələrin ən aktiv olduğu ərazilərə  Ləngəbiz silsiləsinin şimal-qərbi Ağsu aşırımı, Baş Qafqaz silsiləsinin cənub-şərqə uzanan dağ qolunun hər iki yamacı, Dəmirçilər-Lahıc yolu və ətrafı, Lahıc-İsmayıllı yolunun Girdmançay kanyonundan keçən hissəsi, Qoydan kəndi ərazisi, Lahıc çökəkliyini əhatələyən dağ yamacları, Qovdağ silsiləsinin şimal yamacları və s. aid edilib və uyğun xəritələşmə aparılıb. Böyük Qafqazın cənub və cənub-şərq yamacının çay hövzələrindəki sel ocaqları müəyyən edilib, sel riskləri qiymətləndirilib.

Hazırda toplanmış materialların kameral şəraitdə emalı və təhlili aparılır.