AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminovun sədrliyi ilə Elmi Şuranın iclası olub.
Təhsil şöbəsinin müdiri Müseyib Yunusov bu il doktorantura və dissertanturaya keçirilmiş qəbul haqqında məlumatla çıxış edib. Aparılan müzakirələrdən sonra yeni qəbul olunmuş doktorant və dissertantların elmi rəhbərləri və onların elmi işlərinin mövzusu təsdiq edilib.
Sonra c.e.d. Starə Tarixazərin “Azərbaycanın fiziki coğrafiyası” (rus dilində) və c.ü.f.d. Gülnar Hacıyevanın “Aqrolandşaftların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi (Mazımçay-Türyançay arası)” monoqrafiyalarının çapa təqdim edilməsi müzakirə olunub və müsbət qərar qəbul edilib.
İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani sentyabr ayında xarici ölkələrdə ezamiyyətdə olarkən gördüyü işlər barədə, eləcə də İnstitutun oktyabrın sonunda keçirəcəyi coğrafiyanın müasir problemlərinə həsr edilmiş elmi-praktiki konfransa məqalə təqdimatının vəziyyəti haqqında məlumat verib.
İnstitut rəhbəri Z.Eminov İnstitutun hazırladığı “Coğrafiyanın müasir problemləri” kitabının çapa hazırlığının vəziyyəti haqqında danışıb, onun hazırlanmasına məsul olan şöbə müdiri professor Rza Mahmudovun əməyini yüksək qiymətləndirib. Şura üzvləri tərəfindən monoqrafiyanın rus və ingilis dilinə tərcümə edilməsi tövsiyə edilib.
İclasın sonunda əməkdaşların işə davamiyyəti məsələsinə də toxunulub.