Hidroloq alim su böhranı haqqında Xalq qəzetinə müsahibə verib Okt 01, 2024 | 03:10 / MÜHÜM HADİSƏLƏR

Xalq qəzetində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  “Qurunun hidrologiyası və su ehtiyatları“ şöbəsinin müdiri, professor Rza Mahmudovun “Su qıtlığı dünyanı təhdid edir” başlığı altında müsahibəsi dərc edilib.

Dünyanın 33 ölkəsinin su çatışmazlığı problemindən əziyyət çəkdiyini deyən müsahib  Azərbaycanın da bu ölkələr sırasında olduğunu qeyd edib. Onun sözlərinə görə tədqiqatlar ayrı-ayrı illərdə daşqınların, axımların artmasına baxmayaraq, çaylarda su sərfiyyatı azalmaqda davam etdiyini göstərir. Yağıntıların miqdarında isə çoxillik normaya nisbətən 37 millimetr azalma müşahidə edilib. 

Hidroloq alim bildirib ki, Ümümdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, dünyada son 22 ilin 20-si davamlı temperaturun artması ilə müşahidə olunub. İqlim dəyişmələri bütövlükdə, ətraf mühitə və su obyektlərinə mənfi təsir göstərir, əhaliyə, insanların səhhətinə,  biomüxtəlifliyə, kənd təsərrüfatına, infrastruktura ciddi iqtisadi ziyan vurur. Dünya üzrə suya tələbat 6 dəfədən çox artıb. Belə həyativacib problemlərin həlli məqsədilə çoxsaylı beynəlxalq tədbirlər həyata keçirilir ki, Azərbaycanda baş tutacaq  29-cu Beynəlxalq iqlim konfransı da belə tədbirlərdən biridir.