AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – baş direktor professor Zakir Eminov, icraçı direktor Zaur İmrani, şöbə müdiri c.e.d Səid Səfərov “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.
Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransın əsas məqsədi iqlim dəyişmələrinin elmi və praktik aspektdə araşdırılması ilə bağlı olan iqlim fəaliyyəti sahəsində empirik məlumatlar, süni intellekt və qabaqcıl analitik vasitələr, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri və digər bu istiqamətdə yeni yanaşmaların və təcrübələrin bölüşməsi olub.
Konfransda qeyd edilib ki, iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlıq vacib faktorlardan biridir. Bunun üçün ölkələrarası koordinasiyalı fəaliyyət tələb olunur ki, bu da ortaq təşəbbüslərin daha effektiv olmasına şərait yaradır.