Elmi seminar May 15, 2014 | 05:05 / ELMİ İCLASLAR

İnstitutun Elmi şurasının 14.05.2014-cü il tarixində keçirilən iclası İnstitut Həmkarlar Təşkilatının sədri, f.ü.e.d. Habil Haqverdiyevin 75-illik yubileyinin qeyd edilməsi ilə başladı. İnstitutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə yubilyarı İnstitut rəhbərliyi və əməkdaşları adından təbrik etdi. O, Habil müəllimin elmi və ictimai həyatına bir daha nəzər salaraq, ömrünün böyük hissəsini İnstitutun həyatı ilə bağladığını, vəzifəsini həmişə şərəflə yerinə yetirdiyini, tədqiqatçı-coğrafiyaşünas alim kimi yaxşı mütəxəssis olduğunu diqqətə çatdırdı.

Geomorfologiya və təbii risklər şöbəsinin rəhbəri, c.e.d. Xalid Tanrıverdiyev, f .e.d. Rauf Qardaşov, İqlim və aqroiqlimşünaslıq şöbəsinin rəhbəri, c.ü.f.d. Xəyyam Rəhimov, c.ü.f.d. Məhərrəm Həsənov və başqaları H.Haqverdiyevin həm  həmkarlar komitəsinin rəhbəri, həm alim, həm də bir insan kimi diqqətcil, mehriban, qayğıkeş, məsuliyyətli, savadlı bir şəxs olduğunu qeyd etdilər. H.Haqverdiyevə 75 illik həyat və fəaliyyətini əks etdirən adres və gül dəstəsi təqdim olundu.

Sonra Torpaqşünaslıq İnstitutunun əməkdaşı Nuriyev Elşən Rəşad oğlunun Ekologiya və Torpaqşünaslıq ixtisasları üzrə “Göygöl Milli Parkı torpaq örtüyünün strukturları, onların ekoloji qiymətləndirilməsi və ekoturizm potensialı” mövzusundakı dissertasiya işinə aparıcı təşkilatın rəyi müzakirə olunandan sonra təsdiq edildi. 2014-cü il ərzində institutda başa çatacaq  elmi işlərin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi oldu və qərara alındı ki, hesabatın  mühüm nəticələri bu il, sentyabrın 15-nə qədər Elmi Şuraya təhvil verilsin.