Coğrafiyaçı alimlər şagirdlərə iqlim dəyişmələri barədə bilgilər veriblər Noy 04, 2024 | 12:11 / TƏDBİRLƏR

Nəsimi rayonu 8 saylı məktəbin  Azərbaycan və rus bölməsinin Kiçik Akademiya üzvləri – VIII-X sinif şagirdləri  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Tədbir  bu günlərdə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a həsr olunub.

Görüşün təşəbbüskarı, Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi, eləcə də coğrafiya üzrə Beynəlxalq Müsabiqədən ölkəmizə 5  medal qazandıran coğrafiya müəllimi Yaşar Seyidəliyev səfərin məqsədini açıqlayaraq şagirdlərinin uğurları haqqında qısaca məlumat verib.

İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru dosent Həsən Nəbiyev dünyada və Azərbaycanda iqlimlə bağlı dəyişikliklər və anomaliyalar,  iqlim çirklənməsi, quraqlıq və səhralaşma problemləri, müasir texnologiyaların iqlimin tədqiqində rolu, meteoroloji silahlar, sinoptik proqnozların verilməsi və s. haqqında məktəblilərə geniş məlumat verib.

Xəzər dənizi haqqında çıxış edən  “Xəzər dənizinin sahillərinin və dibinin  geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Xəzərdə baş verən səviyyə tərəddüdlərinin səbəbləri və proqnozları barədə maraqlı məlumatlar verib. Alim səviyyə dəyişkənliyinə təsir edən qlobal iqlim dəyişmələri və antropogen təsirlərlə yanaşı, Xəzərdə baş verən seysmik və tektonik proseslər, Xəzər dənizinin özünəməxsus xüsusiyyətindən danışıb, 2050-ci ilədək  səviyyənin enməsinin davam edəcəyini, sonrakı 200 ildə Xəzərin səviyyəsinin qalxacağını diqqətə çatdırıb.

GİS mütəxəssisi Nazim Gəraylı “Müasir coğrafiyanın trendləri və həllər”            mövzusunda  təqdimatla çıxış edib. Elmi işçi cografiyanin inkisafi, suni intelektin cografiyada tetbiqi, rolu, əhəmiyyəti və faydaları, sinoptik proqnozların hazırlanmasında onlardan istifadə faydaları haqqında şagirdlərə geniş məlumat verib. O bildirib ki, süni intellekt havanın keyfiyyətinin xəritəsinin yaradılmasında əsas rol oynayır, şəhər planlaşdırılmasının təkmilləşdirilməsinə, eləcə də nəqliyyat sistemlərinin və tullantıların emalı proseslərinin idarə olunmasına yardım edir.

Tədbirin sonunda Y. Seyidəliyev   və məktəbin dərs hissə müdiri Safura İbrahimli şagirdlərə həmişə dəstək verməyə hazır olduqlarına görə İnstitut alimlərinə, rəhbərliyinə, eləcə də əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər, belə görüşlərin şagirdlərdə coğrafiya elminə marağın artmasında, onların gələcək peşə yönümünün formalaşmasında  böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.