Demoqrafiya və əhali şöbəsinin illik hesabatı dinlənilib Dek 06, 2024 | 04:12 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun  Elmi şurasında  “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib.

Şöbə müdiri, Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov cari ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri”  mövzusu üzrə “Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi tədqiqat işi barədə O bildirib ki, hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhalisinin əsas hissəsini (237,9 min nəfər və ya 78,6%) kənd əhalisi təşkil edir ki, bunlar da məcburi köçkünlərdən ibarətdir. Rayonun tərkibinə 511 kənd yaşayış məntəqəsi daxildir və bu iqtisadi rayon respublika üzrə kəndlərin sayına görə son yerlərdən birini tutur. 1989-cu ildə əhalisinin sayı 100-500 nəfər olan kəndlər (287 kənd) sayına görə birinci yeri tuturdu və ` bu kəndlərdə 71,9 min nəfər əhali var idi. Böyük Qayıdış dövlət siyasəti işğaldan əvvəlki Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur.

XX əsrin 90-cı illərindən  başlanan demoqrafik azalmalar 2005-ci ilə qədər davam etmiş, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləmişdir. Bu gün  üçün rayonun əhali artımı çox aşağı səviyyədədir.

Hazırda Şərqi Zəngəzurda qeydiyyatda olan və əhalinin böyük əksəriyyətini təşkil edən  sakinlər məcburi köçkün şəraitində yaşayır. Onların mərhələli şəkildə doğma yerlərinə qaytarılması prosesi gedir. 2023-cü ildə ümumi, şəhər və kənd əhalisi üzrə doğum və təbii artım əmsalları ölkə üzrə orta göstəricilərdən yuxarıdır.

Təbii-coğrafi şəraitin ərazinin mənimsənilməsi üçün əlverişliliyi, təbii ehtiyat potensialı, insan resursları ilə təminat imkanları, sosial-iqtisadi və səmərəlilik amilləri, ölkənin milli-strateji maraqları nəzərə alınmaqla, inzibati rayonlarda “şəhər–kənd” funksional əlaqələrinə əsaslanan yeni məskunlaşma sisteminin planlaşdırılaraq həyata keçirilməsinə ehtiyac vardır.

Z.Eminov şöbənin plandan əlavə gördüyü işlər, nəşr fəaliyyəti,  elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr, layihə və qrantlar, konfrans və seminarlarda iştirakı, eləcə də şöbə əməkdaşlarının elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.