AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib.
Ilk öncə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutun baş direktoru professor Zakir Eminov bildirib ki, ömrünü Azərbaycan xalqının dirçəlişi, tərəqqisi, müstəqil dövlətçilik və milli birliyi uğrunda mübarizəyə həsr edən ümummilli lider Heydər Əliyev xalqımızın tarixi şəxsiyyəti kimi daim yaddaşlarda yaşayacaq. Onun Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın intibah dövrü kimi yadda qalıb. Ümumiyyətlə onun Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Azərbaycanda beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması məhz Heydər Əliyevin xidmətləridir.
Ümummilli lider yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir
Tədbirdə çıxış edən Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, şöbə müdiri Habil Haqverdiyev, Mülki Müdafiə Qərargahının rəisi Namazəli Mustafayev, Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov və başqaları dahi şəxsiyyət Heydər Əliyev haqqında fikirlərini və onunla bağlı xatirələrini iclas iştirakçıları ilə bölüşüblər.