Cİ əməkdaşları Kiçik Akademiyanın tədbirində iştirak ediblər Yan 17, 2025 | 04:01 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, İnstitutun HİK sədri Kamran Ramazanlı və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə Səbail rayonunun 163 saylı tam orta məktəbində Kiçik Akademiyanın təqdimat mərasimində iştirak ediblər.

Azərbaycanın, sonra isə məktəbin Kiçik Akademiyasının himni səsləndikdən sonra  şagirdlər müxtəlif fənlər üzrə hazırladıqları tədqiqat işlərini təqdim ediblər. 5-10-cü sinif şagirdləri əl və təcrübi işlərinin nümayişi ilə insan ürəyi və onun funksiyaları, suyun informasiya ötürücülüyü xüsusiyyəti, ilbizlərin texnologiyada əhəmiyyəti, kodlaşdırma, Xarı bülbül layihəsi, Pifaqor düsturu, Azərbaycanın tarixi dövrləri, bərpa olunan enerji və s. mövzularda çıxışlar ediblər. Məktəbli tədqiqatçılar “Şuşanın dağları” rəqsi ilə çıxışlarına yekun vurublar.

Uğurlu təqdimata görə şagirdlərə və onların müəllimlərinə təşəkkürünü bildirən professor Zakir Eminov çıxış edərək coğrafiyaçı alimlərin məktəblilərlə olan əlaqələrindən, bu əlaqələrin əhəmiyyətindən danışıb. O, Coğrafiya İnstitutu ilə məktəblər arasında sıx əlaqələrin olduğunu, İnstitut əməkdaşlarının dəfələrlə  “Kiçik Akademiya” üzvləri ilə məktəblərdə və Coğrafiya İnstitutunda görüşdüklərini, onlar üçün seminar və praktiki təlimlərin təşkil edildiyini diqqətə çatdırıb. Professor bildirib ki, belə tədbirlərin keçirilməsi istedadlı gəncləri üzə çıxarmağa, şagirdlərin potensial imkanlarını inkişaf etdirməyə kömək edir, şagirdlərdə elmi tədqiqatlara və elmi yaradıcılığa marağın artmasına müsbət təsir göstərir, onlarda məntiqi təfəkkürün inkişafına zəmin yaradır və eləcə də peşə seçimində mühüm rol oynayır.

Tədbirdə iştirak edən Kamran Ramazanlı söz alaraq Kiçik Akademiyanın istedadlı şagirdlərinin çıxışlarını yüksək qiymətləndirərək bu işdə müəllimlərin və məktəb direktoru Nisə xanımın fəal iştirakını xüsusi qeyd edib.

Sonra məktəbin direktoru, qabaqcıl müəllim Nisə Hüseynova  Kiçik Akademiyanın fəaliyyətindən elmi-tədqiqat işlərinin aparılmasında, məktəb müəllimlərinin şagirdlərə göstərdikləri dəstəkdən  fərəhlə söhbət açıb. O həmçinin Coğrafiya İnstitutunun Kiçik Akademiyanın fəaliyyətinə göstərdiyi diqqət və dəstəyə görə Coğrafiya İnstitutunun kollektivinə və şəxsən professor Zakir Eminova minnətdarlığını bildirib.