AR ETN akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar üzrə elmlər doktoru Çingiz Gülalıyevin 70 yaşı tamam olub.
Çingiz Gülalı oğlu Gülalıyev 13 dekabr 1954-cü ildə Şamaxı rayonunun Məlikçobanı kəndində anadan olub. 1972-ci ildə o, Çarhan kənd orta məktəbini bitirərək S.M.Kirov ad. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub. 1977-ci ildə İnstitutu bitirib və həmin ildən Şamaxı rayon Nüydü kənd səkkizillik məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Ç.G.Gülalıyev 1981-ci ildə AEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən aspiranturanın əyani şöbəsinə daxil olaraq “Bir neçə torpağın istilik-elektrik xassələri” adlı namizədlik elmi işini yerinə yetirmək məqsədilə Ukraynanın Xerson şəhəri, A.D.Srup ad. Kənd Təsərrüfatı İnstitutunun fizika kafedrasına ezam olunub. 1985-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi adını alıb.
2016-çı ildə o, “Azərbaycanın əsas torpaq tiplərinin istilik-elektrik və hidrofiziki xassələrinin dəyişmə qanunauyğunluqları” adlı doktorluq elmi işini müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1991-ci ildə baş elmi işçi diplomuna layiq görülüb.
Ç.G.Gülalıyev əmək fəaliyyətinə 1977-ci ildən Nüydü kənd məktəbində müəllim vəzifəsindən başlayıb.1978-ci ildə Azərbaycan SSR Nazirlər Kabineti yanında “Kolxoz tikinti” trestində hesablama maşınları üzrə baş proqramçı-mühəndis vəzifəsində işləyib. 1978-1989-cü illərdə AEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant, baş laborant, mühəndis, elmi işçi kimi fəaliyyət göstərib. Bu illərdə Ç.G.Gülalıyev Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun müvafiq laboratoriyaları ilə birlikdə müxtəlif çöl-tədqiqat işlərində iştirak edib, aerofotoşəkillər əsasında Mil düzünün şimal hissəsinin şoran torpaqlarının öyrənilməsində aerokosmik üsullarla torpaq-bioloji tədqiqat işləri aparıb, Qafqaz poliqonunda bir neçə təbii landşaftın spektr vasitəsi ilə tədqiqi işlərində iştirak edib. 1989-1994-cu illərdə həmin institutun Stasionar tədqiqatlar laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb.
Ç.G.Gülalıyev 1994-cü ildən bu günədək Coğrafiya İnstitutunun Şamaxı rayonunda yerləşən Pirqulu biocoğrafi tədqiqatlar stasionarı şöbəsinin müdiri vəzifəsində çalışır.
Alim elmi tədqiqat işləri ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. 2009-2019-cü illərdə o, Azərbaycan Turizm və Menecment Universitetində, 2022-ci ildən isə hazırkı vaxtadək Lənkəran Dövlət Universitetində 0,5 ştat vahidilə dosent vəzifəsində pedaqoji fəaliyyətlə məşğuldur.
Ç.G. Gülalıyevin elmi tədqiqat işləri geniş və müxtəlif istiqamətləri əhatə edir. Bu tədqiqatlar torpağın istilik-fiziki, elektrik-fiziki və hidrofiziki xassələrinin təsiredici amillərdən asılılıqlarını laboratoriya və çöl şəraitində öyrənməyə yönəlib. Bunlar eyni zamanda kəmiyyətlər arasında qarşılıqlı əlaqələrin riyazi modellərinin yaradılması, dielektrik nüfuzluğu əsasında torpağın xüsusi səth sahəsinin, elektrik keçirilməsi əmsalları əsasında nəmliyin və duzlaşma dərəcəsinin hesablanması üsullarının inkişafı, eləcə də şaquli və üfüqi elektroprofilləmə metodları vasitəsilə ərazinin xəritə-sxemlərinin tərtibi ilə bağlıdır. Bu işlərin təsərrüfat sahəsinə tətbiqi mühüm əhəmiyyət kəsb edir, çünki torpaqların əsas diaqnostik fiziki göstəricilərinin ümumiləşdirilməsi, zona üzrə kənd təsərrüfatı bitkilərinin qanunauyğunluqla paylanma perspektivlərinin araşdırılmasına xidmət edir.
Ç.G.Gülalıyev Fransa, Türkiyə, Nоrvеç, Bоlqarstan, Gürcüstan, Moskva, Banqkok və s. yerlərdə keçirilən müxtəlif elmi-praktik konfranslarda (eləcə də təlimlərdə) məruzələrlə iştirak edərək sertifikatlara layiq görülüb. Onlarla qrant layihələrinin iştirakçısı və əlaqələndiricisidir. O eyni zamanda 15 adda Dövlət və beynəlxalq proqramlarda, onlarla qrant layihərində iştirak edib və rəhbər olub.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının, Azərbaycan Torpaqşünaslıq, Coğrafiya və eləcə də Rusiya V.V.Dokuçayev adına Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.
Ç.G.Gülalıyev tərəfindən 150-dən artıq elmi məqalə və tezis Azərbaycanın və müxtəlif xarici ölkələrin elmi jurnallarında və konfrans materiallarında dərc olunub. Alim 16 kitab və 1 metodik vəsaitin müəllifidir.
Çingiz müəllimi anadan olmasının 70 illiyi və zəngin elmi fəaliyyəti münasibəti ilə təbrik edir, ona sağlıqlı uzun ömür, tükənməyən enerji, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!