Elmi şuranın iclasında monoqrafiyanın çapa təqdimi müzakirə edilib May 07, 2025 | 01:05 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.ü.f.d. dosent Zaur İmraninin sədrliyi ilə Elmi şuranın iclası baş tutub.

Z.İmrani gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov əməkdaşların işə davamiyyəti, əmək və icra intizamına nəzarətin gücləndirilməsi barədə məlumat verib.  Müəssisə rəhbəri mütəmadi olaraq nizam-intizamı pozan işçilərə güzəşt edilməyəcəyi haqda xəbərdarlıq edib.

Coğrafiya İnstitutunun 80 illik yubileyinə həsr edilmiş bu ilin may ayında Cəlilabad və Lənkəran şəhərlərində Dəyirmi masanın  keçirilməsinə dair məsələ müzakirə edilib. Tədbirdə məruzə ilə çıxış edəcək elmi işçilərin məqalələrinin təqdim edilməsinin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Sonra Milli Aviasiya Akademiyasının kafedra müdiri prof. Nazim Hüseynov və müəllimi c.ü.f.d. Camal Hüseynovun birgə yazdıqları “Azərbaycanın iqlimi: Atmosfer yağıntılarının  rejimi” adlı monoqrafiyanın çapa təqdim edilməsi məsələsi müzakirəyə çıxarılıb. C. Hüseynov və kitabın rəyçisi prof. Əsgər Məmmədov çıxış edərək kitab haqqında məlumat veriblər.  Monoqrafiyanın əhəmiyyətini xüsusi qeyd edən Şura üzvləri onun çapa təqdim edilməsini tövsiyə ediblər.