Coğrafiyaçı alim Tahirə Salmanova vəfat edib İyn 03, 2025 | 03:06 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin aparıcı elmi işçisi Tahirə Salmanova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tahirə Məmmədpaşa qızı Salmanova  1951-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə BDU-nun Kimya fakültəsini kimyaçı ixtisası üzrə bitirdikdən sonra 1982-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutunun aspiranturasına qəbul olunub. 1990-cı ildə akademik H.Ə. Əliyevin rəhbərliyi altında «Kiçik Qafqazın cənub-şərq hissəsində üzümaltı torpaqların humusluluq vəziyyəti» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini alıb.

1972-ci ildən Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant vəzifəsində işə başlayan T.Salmanova  mühəndis, kiçik elmi işçi, elmi işçi, 1996-cı ildən isə böyük elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti dövründə Kiçik Qafqazın cənub-şərq hissəsində aşağı və orta dağ zonasında üzümaltı torpaqlarda humusun tərkibi, ehtiyatı və onun dəyişilməsi, gübrələrin mineral tərkibinin üzümaltı torpaqlara təsiri, azotlu torpaqlarda udulmuş əsasların miqdarı ilə üzümün məhsuldarlığı arasındakı əlaqələri müəyyən edib. 12 il pedaqoji fəaliyyətlə məşğul olub, 40-a yaxın elmi məqaləsi çap edilib.

O eyni zamanda ictimai fəaliyyətlə də yaxından məşğul olub. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasıyasının prezident müavini,  BMT  yanında Ümumdünya Sülh Federasiyasının üzvü  və sülh səfiri olub. Coğrafiya İnstitutunun Qadınlar şurasının üzvü kimi fəaliyyət göstərib.