AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov sentyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçirilən Baku Su Həftəsi tədbirində Coğrafiya İnstitutunu təmsil edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında coğrafiyaçı alim “İqlim dəyişmələri, su çatışmazlığı və insan miqrasiyaları” mövzusunda təqdimatla çıxış edərək son illərdə quraqlıq və su çatışmazlığı səbəbindən dünyanın müxtəlif regionlarında insan köçlərinin artdığını diqqətə çatdırıb. O, su qıtlığı yaşanan ərazilərdən insanların köçüb getməsinin hansı nəticələr doğurduğunu, bu prosesin demoqrafik, sosial və gender aspektlərini vurğulayıb, Quba və Neftçala rayonlarının timsalında suvarma və içməli su ilə təminatında çətinliklər yaşayan əhalinin digər ərazilərə miqrasiyası haqqında danışıb. R.Kərimov eyni zamanda həmin rayonlar üzrə miqrasiya ilə bağlı apardığı sorğuların və statistik təhlillərin nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıb, onların mövzu ilə əlaqədar suallarını cavablandırıb.