Coğrafiyaçı alim Beynəlxalq konfransda məruzə edib Sen 26, 2025 | 05:09 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər doktoru, dosent Çingiz Gülalıyev Rusiya Federasiyasının Kursk şəhərində “İqlim dəyişikliyi kontekstində əkinçiliyə innovativ və texnoloji dəstək” mövzusunda keçirilən IX Beynəlxalq elmi-praktik konfransın  plenar iclasında məruzə ilə çıxış edib.

Gibrid formatda keçirilən konfransa Rusiyanın 38 elmi və 21 ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, habelə Moldova, Belarus, Qazaxıstan, Azərbaycan və Özbəkistanın elmi təşkilatlarının alimləri cəlb edilib.

 “Torpaqda suya davamlı aqreqatların formalaşmasında istilik və nəmliliyin rolu” mövzusundakı məruzəsində Ç.Gülalıyev  Pirqulu biocoğrafi stasionarında və ətraf ərazilərdə aparılmış tədqiqatların nəticələrini təqdim edib, cədvəl və qrafiklər əsasında aqreqatların müxtəlif dərinliklərdə paylanmasını və onların hidro-fiziki xüsusiyyətlərə təsirini izah edib.

Qeyd edilib ki, çürüntülü-karbonatlı dağ-meşə torpaqlarının struktur-aqreqat vəziyyəti iqlim və fiziki amillərlə sıx bağlıdır. Suya davamlı aqreqatlar torpağın su, hava və qida rejimlərinin tənzimlənməsində mühüm rol oynayır. Orta illik temperaturun yüksəlməsi aqreqatların sabitliyini zəiflədir, optimal şəraitdə isə torpaq strukturu sabitləşir. Yağıntıların intensivliyi, donma-ərimə dövrləri və temperatur dəyişmələri torpağın strukturuna təsir göstərərək eroziyaya meylliliyi artırır.

Çıxış konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzunun həm elmi, həm də praktik əhəmiyyəti xüsusi vurğulanıb, nəticələrin tətbiq imkanları barədə geniş müzakirə aparılıb.