Şöbələrin illik iş planına uyğun olaraq AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ekspedisiyada olaraq təsərrüfat sahələrini iqtisadi-coğrafi aspektdə tədqiq ediblər.
Ekspedisiyada şöbə müdiri coğrafiya elmləri doktoru Nəriman Paşayevin rəhbərliyi ilə İqtisadi və siyasi coğrafiyası şöbəsinin aparıcı elmi işçisi Nicat İmamverdiyev, elmi işçi Zöhrə Məmmədova, kiçik elmi işçilər Lyudmila Səlimbəyova və Dilbər Məmmədova, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçiləri Elina Kərimova və İrina Kuçinskaya iştirak ediblər.
Ekspedisiyanın əsas marşrut istiqamətlərini Füzuli rayonu üzrə “Füzuli” aeroportu; “Füzuli” Su-Elektrik Stansiyası; “Köndələnçay” su anbarı və s. Laçın rayonu üzrə “Zabux” Kiçik Su-Elektrik Stansiyası, “Həkəri” balıq təsərrüfatı, “Pirshaghı” ayaqqabı fabrikinin Laçın filialı, “Latifa” tikiş fabriki; “Zerti” aqroparkı, Gülçülük kompleksi və s., Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi çərçivəsində İntensiv meyvə bağı və Arximed turbini tipli Su-Elektrik Stansiyası, “Dost” aqroparkı və s., Cəbrayıl rayonunda “Araz Vadisi iqtisadi zonası” Sənaye Parkı; şəhər Yaşayış kompleksi və s. əhatə edib.
Tədqiqatçılar bərpa-dirçəliş işləri ilə əlaqədar Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı və nəqliyyat infrastruktur sahələrlə yaxından tanışlıq olub, müvafiq təşkilatların nümayəndələri ilə dəyirmi masa arxasında fikir mübadilələri aparıblar, tədqiqat ərazisinə aid olan müxtəlif materialların və statistik göstəricilərin toplanması həyata keçiriblər.
Bununla yanaşı, tədqiqat ərazisində yol mühəndis-inşaat işlərinin yerli təbii landşaftlara təsiri, müasir landşaftların ekoloji vəziyyəti və onların transformasiyası məsələləri də öyrənilib.
Bu rayonlarla yanaşı ekspedisiya üzvləri həmçinin, Xankəndi, Şuşa, Ağdam şəhərlərinə də səfər edib, orada sosial-infrastruktur sahələr, həyata keçirilən yenidənqurma işləri ilə də yaxından tanış olublar.