Coğrafiyaçı alimlər Otman-Bozdağ palçıq vulkanını tədqiq ediblər Okt 13, 2025 | 10:10 / MÜHÜM HADİSƏLƏR

Otman-Bozdağ palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. O, Bakıdan təxminən 40 km məsafədə, Qaradağ rayonunun Ümid yaşayış məntəqəsi yaxınlığında yerləşir. Vulkan hündürlüyü 400 metr olan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Burada maye palçığı, neft və qaz qarışığını vaxtaşırı püskürən salzalar və qrifonlar fəaliyyət göstərir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanıb. Çoxsaylı püskürmələr nəticəsində yamaclarda uzunluğu bir neçə kilometrə çatan müxtəlif yaşlı güclü palçıq axınları əmələ gəlib. Otman-Bozdağ Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupuna daxil olan Dövlət Təbiət Qoruğunun tərkibinə daxildir.

Məlum olduğu kimi oktyabrın 11-də, səhər saatlarında - təxminən 08:30-09:10  aralığında Otman-Bozdağ palçıq vulkanında növbəti püskürmə baş verib.

Azərbaycan Elm və Təhsil Nazirliyinin H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları — c.ü.f.d., dos. Zeynalova Səida, c.ü.f.d., dos. Kərimova Elina və c.ü.f.d., dos. Yunusov Müseyib palçıq vulkanının püskürmə sahəsində müşahidələr aparıblar.

Aparılmış ilkin müşahidələrə əsasən belə nəticəyə gəlinibdir ki, oktyabrın 11-də baş vermiş püskürmə zamanı güclü qaz çıxışı müşahidə olunub və bu, xeyli hündürlüyə qalxan alov sütununun yaranmasına səbəb olub. Lakin atılmış brekçiya materialı vulkan yamacları ilə axan brekçiya axınlarının əmələ gəlməsi üçün kifayət etməyib, palçıq kütləsi yalnız krater sahəsinin hüdudları daxilində yayılıb.

Təəssüf ki, çətin şərait səbəbindən vulkanın kraterinə qalxmaq və müvafiq tədqiqat işlərini aparmaq mümkün olmayıb.

Vulkanın son püskürməsi 2018-ci ildə qeydə alınıb. O vaxt püskürmə zamanı böyük miqdarda brekçiya materialı atılıb və bu material vulkanın cənub-şərq yamacı boyunca bir neçə kilometr məsafəyə, hətta avtomobil yoluna qədər yayılıb.

Tədqiqatçıların yerli sakinlər arasında apardıqları kiçik sorğuya görə 2018-ci ildə baş vermiş püskürmə zamanı güclü gurultu səsi eşidilib. Lakin bu püskürmə zamanı belə bir səs müşahidə olunmayıb.