AR ETN Coğrafiya İnstitutunun Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayevin “Yaşıl və mavi iqtisadiyyatın planlaşdırılması və idarə olunmasının problemləri” adlı monoqrafiyası çapdan çıxıb.
Kitabın elmi redaktorları c.e.d. professor Çingiz İsmayılov, c.ü.f.d. dosent Zaur İmrani, c.e.d., professor Rza Mahmudov, c.e.d. professor Əmir Əliyev və c.e.d. dosent Səid Səfərovdur.
Monoqrafiya “yaşıl və mavi iqtisadiyyat”ın planlaşdırılması və idarə edilməsinin təşəkkülü və elmi zəminini, problemin öyrənilməsinin məqsəd və vəzifələrini, coğrafiyasını və davamlı inkişafda yerini; alternativ enerji mənbələrindən istifadənin “yaşıl və mavi iqtisadiyyat”da yerini və ondan istifadəyə mane olan amillərin qarşısının alınması tədbirlərinin tədqiqini və dünya coğrafiyasında bu problemin müasir inkişaf meyllərini əks etdirir. Monoqrafiyada dünyada təbiətdən səmərəli istifadənin həlli və təsərrüfatın ərazi təşkili problemlərindən, onun sahə və regional xüsusiyyətlərindən bəhs edilib. Avropa, Asiya və Amerikanın qabaqcıl ölkələrində, Avstraliyada Yaşıl və Mavi iqtisadiyyatın planlaşdırılması və idarə olunması, stimullaşdırılması və inkişaf prioritetləri ətraflı təhlil edilib. Həmçinin, təsərrüfat sahələrində Yaşıl və Mavi iqtisadiyyatın inkişafı və prioritetləri; onun əhali məşğulluğunun davamlı inkişafında rolu; təsərrüfat sahələrində “yaşıl və mavi iqtisadiyyat”a keçidin müasir mərhələsi; “yaşıl və mavi iqtisadiyyat”ın planlaşdırılması və idarə olunmasında fiskal siyasət kimi vacib məsələlərin həlli xüsusi yer alıb.
Kitab COP-29-un Azərbaycanda - Bakı şəhərində keçirilməsindən sonra geniş oxucu kütləsinin, mütəxəssislərin ixtiyarına verilir.
Təqdim olunan monoqrafiya ilk və yeni olmaqla coğrafiyaçılar, iqtisadçılar, ekoloqlar, inzibati və siyasi idarəetmə sahəsində təhsil alan bakalavr və magistrantlar, eləcə də bu sahədə ixtisaslaşan elm adamları, mütəxəssislər, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq nazirlik və təşkilatların struktur bölmələrində çalışanlar tərəfindən respublikada əhalinin və təsərrüfat sahələrinin yerləşdirilməsi, müdafiəsi və düzgün idarə olunması kimi məsələlərdə istifadə edilə bilər.