UNEC-dən coğrafiya üzrə alimə mükafat: Qarabağın dirçəldilməsinə dair araşdırma yüksək qiymətləndirildi Yan 15, 2026 | 10:01 / MÜHÜM HADİSƏLƏR

  UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi ilə keçirilən “Azərbaycanın Dövlət Suverenliyinin Gücləndirilməsində Qarabağın Dirçəldilməsinin Strateji Aspektləri” mövzusuna həsr olunmuş III Ümumrespublika elmi məqalə müsabiqəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ-nin, “Əhali coğrafiyası” laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Samirə Ələkbərova III yerə layiq görülərək  həm pul mükafatı, həm də sertifikatla təltif olunub.

  Qarabağın dirçəldilməsinə həsr olunmuş müsabiqəyə ölkənin 30-dan çox elmi-tədqiqat və ali təhsil müəssisələrindən 200-ə yaxın elmi məqalə təqdim edilmiş, onlar arasında professor-müəllim heyəti üzrə nəzərdə tutulmuş nominasiyada qaliblər arasından Samirə Ələkbərovanın təqdim etdiyi məqalə yüksək bal ilə qiymətləndirilmişdir. Onun təqdim etdiyi məqalə “Qarabağın məkan bərpası və dayanıqlı inkişaf perspektivləri: İşğaldan azad edilmiş ərazilərin iqtisadi-coğrafi potensialının təhlili” mövzusuna həsr olunmuşdur.

  Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin UNEC-dəki büstünü və şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək əziz xatirələri yad ediblər, önünə gül dəstələri düzüblər.

  Tədbirin açılışında UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev müsabiqənin “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirildiyini və xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, eləcə də məqalələr toplusunun e-kitab formatında hazırlanaraq UNEC-in elektron resurslarında yerləşdiriləcəyini diqqətə çatdırıb.

  UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Şəfa Əliyev müsabiqəyə əvvəlki illərlə müqayisədə marağın iki dəfə artdığıni bildirərək, gənclərin bu sahədə fəallığını yüksək qiymətləndirib. O qeyd edib ki, müsabiqə Qarabağın dirçəldilməsi, işğaldan azad olunmuş ərazilərdə iqtisadi quruculuğun səmərəli mexanizmlərinin araşdırılması və bu prosesin dövlət suverenliyimizin möhkəmləndirilməsində rolunun elmi baxımdan tədqiqinin təşviqinə xidmət edir.

  Tədbirdə çıxış edən “SOCAR Polymer” MMC-nin maliyyə direktoru Müşfiq Hacıyev qalibləri təbrik edərək, seçilən elmi tədqiqatların Qarabağın dirçəldilməsi prosesinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

  UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirin sonunda mükafatlandırma mərasimi baş tutub.

  Professor-müəllim heyəti, doktorant, magistr və tələbələr üçün iki nominasiyada ilk üç yeri tutan qaliblərə pul mükafatları təqdim edilib. Digər iştirakçılar sertifikatlarla təltif olunub, müsabiqənin təşkilində səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlara isə “Təşəkkürnamə”lər verilib.