Azərbaycan və Belarus alimləri elmi əməkdaşlığı genişləndirir Fev 16, 2026 | 04:02 / MÜSAHİBƏLƏR

     Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə Coğrafiya İnstitutu ilə Belarus Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd elmi-tədqiqat fəaliyyətinin inkişafı, birgə proqram və layihələrin hazırlanması, konfrans və simpoziumların təşkili, elmi məlumat və nəşrlərin mübadiləsi, həmçinin akademik heyət və tələbə mübadiləsi kimi istiqamətləri əhatə edir. Memorandumun əsas məqsədi tərəflər arasında elmi inteqrasiyanı gücləndirmək, yeni tədqiqat imkanları yaratmaq və müasir elmi yanaşmaların paylaşılmasını təmin etməkdir.

    Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru Zaur İmrani söyləyib. O qeyd edib ki, Coğrafiya İnstitutu elmi potensialının gücləndirilməsi, yeni layihələrin və qrantların instituta gətirilməsi, məlumatların və xəritələrin bir bazada toplanması istiqamətində bir sıra üstünlüklərə malikdır. Bu baxımdan institut beynəlxalq aləmdə elmi-tədqiqat institutu kimi tanınır və mütəmadi olaraq strateji inkişaf hədəflərini sistemli şəkildə həyata keçirir.

     “Belarus Dövlət Universiteti isə təhsil, tədqiqat və istehsal kompleksidir. Universitet qlobal təhsil və elmin inkişaf imkanlarına görə fərqlənməklə bərabər, doktorant və universitet əməkdaşlarının daim ixtisas artırmalarında maraqlı tərəf kimi çıxış edir. Universitet dövlətinin intellektual, mədəni və sosial ehtiyaclarını və maraqlarını ödəmək üçün ən yaxşı yerli və beynəlxalq təcrübələrdən daim istifadə edərək öz potensial imkanlarını davamlı olaraq inkişaf etdirir. Bu əməkdaşlığın nəticəsində Coğrafiya İnstitutu və Belarus Dövlət Universiteti arasında elmi əlaqələrin daha da dərinləşməsi, birgə tədqiqatların genişlənməsi və region ölkələri arasında elmi əməkdaşlığın yeni mərhələyə yüksəlməsi gözlənilir”, - deyə alim bildirib.